Modern.az

Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Parlament

19 Aprel 2024, 12:42

Rusiya sülhməramlılarının dinc formada Azərbaycandan çıxarılması bütövlükdə Cənubi Qafqaz tarixində yeni mərhələ deməkdir. Amma maraqlıdır ki, rus bazalarını Ermənistandan çıxarmaq üçün dəridən qabıqdan çıxan kollektiv Qərb sülhməramlıların Azərbaycandan getməsindən məmnun görünmədi və hətta Vaşinqton buna görə Rusiyanı “etibarsız müttəfiq” adlandırdı. Görünən odur ki, bunlar bəzi təcrübələrə əsaslanıb sülhməramlı məsələsinə Bakı ilə Moskva arasında potensial böhran kimi baxırmışlar. Təbii ki, Qərbi cari ssenari qane etmir və ona görə də özünə bağlı proksi ünsürləri, o cümlədən Azərbaycan daxilində “Milli Şura” adlanan antimilli marionet dərnəyi aktivləşdirməkdədir və planlaşdırılan “mitinq şousu” də məhz bu proseslərin tərkib hissəsidir.
Yaxşı, aydındır ki, qanunsuz aksiya çağırışları Qərbin sifarişidir və amma axı sən Azərbaycan vətəndaşısan, insanları küçəyə çıxarıb nə tələb edəcəksən? Cəsarətin çatır get Avropa İttifaqına, ABŞ yaxud Fransa etiraz et, edə bilmirsən axı”.

 

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin aprelin 19-da keçirilən plenar iclasında deyib.

 

“Əxlaqlı siyasətçi şəxsiyyətini, qranta satarmı? Əslində təəccüblü deyil, çünki son 100 ildə, nəinki ona həvalə edilmiş vəzifə öhdəlikləri, hətta evini ailəsini atıb qaçan fərari siyasətçilər görmüşük. Amma təəssüf ki, hələ də onları öz adları ilə çağırmırıq və nəticədə də onlar tipdə psevdo siyasilər durmadan artır. Hamısı da süni nəfəs cihazından asılı olan xəstə kimi internetən asılı formada bitkisəl həyat sürdürür. Şəbəkəni ayırsan elə ordaca siyasi meyitə dönəcək. Bir çölə çıxın, hava dəysin sizə, qərbin təhkim etdiyi at gözlüyünü çıxarın, bu inkişafı, bu reallığı gözünüzlə görün.

 

Rusiya sülhməramlılarının Azərbaycanı sakit şəkildə tərk etməsindən qıcıqlanan bu  manqurtlar indi yeni tezis tapıblar, ki, rus hərbçilərini ilk dəfə biz çıxarmışıq. Hara çıxarmısan, bəs Qəbələdə 2012-ci ilə qədərki hərbi baza kimin idi? Ümumiyyətlə Rusiya sizi ciddi qəbul edirdimi? Sadəcə o vaxt Rusiyanın özündə anarxiya hökm sürürdü və çıxarılan yox, çıxan hərbçilər də burda  xidmət etmək istəməyənlər idi. Güya çıxardız nə etdiz? Onlardan aldığınız silahlarla da gedib vətəndaş müharibəsi başlatdız, Gəncəni bombaladız, yaxud Milli Məclisi atəşə tutduz.

 

Yəni Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması 90-cı illərdə  rus hərbçilərin bir qisminin  Azərbaycandan çıxmasına bənzəmir. İlham Əliyev Qəbələdəki hərbi bazanı da, Qarabağdakı sülhməramlıları da Rusiyanın ən qüdrətli dövründə ölkədən çıxardı. Üstəlik, çoxəsirlik əlaqələrimizə xələl gətirmədən. Bu mənada əminliklə deyə bilərik ki, sülhməramlıların çıxarılması nə qədər böyük tarixi hadisədirsə, bu prosesi Rusiya ilə münasibətlərinə xələl gətirmədən reallaşdıra bilmək də elə bir o qədər ciddi siyasi uğurdur və beynəlxalq arenada da bir daha başa düşdülər ki, bu regionda İlham Əliyev miqyası ilə hesablaşmaq zərurətdir”,- deyə o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi