İnfilyasiyaya görə Azərbaycan dünyada birincidir
Noyabrın 12-də Milli Məclisdə Hesablama Palatasının 2014-cü il dövlət büdcəsizərfinə rəyi açıqlanacaq. Bu barədə Modern.az saytına Milli Məclisdən məlumat verilib. Məlumatda o da qeyd edilir ki, rəyi Hesablama Palatasının sədr müavini təqdim edəcək. Rəyin hazırlanmasında Azərbaycan Respublikasının 2014-cü il üçün “Büdcə zərfi”nə daxil olan materiallardan, Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Dövlət Statistika Komitəsinin hesabat və statistik məlumatlarından, habelə Palatanın məlumat bazasından və həyata keçirdiyi maliyyə-büdcə nəzarəti tədbirlərinin nəticələrindən istifadə edilib. Palata tərəfindən həyata keçirilən audit və ekspert-analitik təhlil işlərinin nəticələri nəzərə alınmaqla rəydə bir sıra tövsiyə və təkliflər verilib, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə, habelə bütövlükdə “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə dair Hesablama Palatasının yekun mövqeyi əks etdirilib. Rəydə cari ilin ötən dövrü ərzində ölkə iqtisadiyyatına xas olan iqtisadi inkişaf meyllərinin və makroiqtisadi dayanıqlılığın qorunub saxlanılması, əsas makroiqtisadi göstəricilər üzrə uğurlu nəticələrin əldə olunması xüsusi vurğulanıb. Azərbaycanın sosial-iqtisadi həyatında qazanılan bu nailiyyətlər beynəlxalq maliyyə təşkilatları və araşdırma mərkəzlərinin diqqətindən yayınmayıb, onlar tərəfindən yüksək qiymətləndirilib. Belə ki, Dünya İqtisadi Forumunun hazırladığı “2013-2014-cü illərdə Qlobal Rəqabət qabiliyyətlilik hesabatı”na əsasən son bir il ərzində Azərbaycanın rəqabət qabiliyyəti indeksi 4.41-dən 4.51-ə qalxıb və ölkəmiz dünya sıralamasında 7 pillə irəliləyərək və İtaliya, Portuqaliya, Türkiyə, Polşa kimi ölkələri qabaqlayaraq 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb. Hesabatda ən yüksək göstərici makroiqtisadi sabitlik sahəsində qeydə alınmış, ölkəmiz makroiqtisadi sabitlik üzrə 8-ci yerdə, əsas makroiqtisadi göstəricilərdən biri olan inflyasiya sahəsində isə Azərbaycan dünya ölkələri arasında 1-ci sırada yer alıb. Eyni zamanda dünyada dövlət borcunun ÜDM-ə nisbətinin ən az olduğu 13-cü ölkə Azərbaycan hesab olunub. Son 3 ildə Dünya İqtisadi Forumunun hesabatına əsasən ölkəmiz 16 pillə irəliləmiş və əvvəlki illərdə olduğu kimi hazırda da ölkəmizin rəqabət qabiliyyəti indeksinə əsasən MDB ölkələri arasında birinci mövqeyini qoruyub saxlayıb. Bundan başqa, Dünya Bankının “Doing-Business-2013” hesabatının nəticələrinə əsasən ölkəmiz 185 ölkə arasında 67-ci yeri tutmuş, həmin sənəddə əmlakın qeydiyyatı (9-cu yer), biznesə başlamaq (18-ci yer) və investorların müdafiəsi (25-ci yer) kimi kateqoriyalar Azərbaycanın ən çox uğur qazandığı bölmələr kimi qeyd olunub. Azərbaycanın sürətli inkişafının beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsi heç də təsadüfi deyil. Ölkəmizdə həyata keçirilən düşünülmüş iqtisadi siyasət sayəsində yüksək nailiyyətlərin əldə olunması, sistemli və köklü islahatların reallaşdırılması nəticəsində bütün sahələrdə müsbət meyllərin daha da güclənməsi, əlverişli investisiya və biznes mühitinin formalaşması, sahibkarlıq fəaliyyətinin inkişafı üçün zəruri stimullaşdırıcı tədbirlərin və davamlı iqtisadi islahatların həyata keçirilməsi respublikamızın beynəlxalq miqyasda nüfuzunun və reytinqinin yüksəlməsinə əhəmiyyətli zəmin yaradıb.2014-cü il üçün “Büdcə zərfi”nə daxil olan sənədlər üzrə Palata tərəfindən həyata keçirilmiş təhlillər də növbəti illərdə bu uğurların daha böyük və davamlı olacağına inam yaradır..
Modern.az