Modern.az

Deputatlar asudə vaxtı necə keçirir? - Üzgüçülük, şahmat, mütaliə...

Deputatlar asudə vaxtı necə keçirir? - Üzgüçülük, şahmat, mütaliə...

Parlament

29 Oktyabr 2013, 10:15

Milli Məclisdə müxtəlif bölgələrdən təmsil olunan deputatlar hər zaman müəyyən qanunların qəbulu, onlara əlavə və dəyişiklərin edilməsi və s. təşəbbüslərlə çıxışlar edirlər. Eyni zamanda deputatlar müxtəlif beynəlxalq təşkilatların iclaslarında iştirak edirlər. Bəs deputatlar asudə vaxt ayırıb öz maraq dairələrində olan işlərlə məşğul ola bilirlərmi? Ümumiyyətlə onlar asudə vaxtlarını necə keçirirlər, hobbiləri varmı?

Modern.az-ın suallarını eşidərkən deputat Yaqub Mahmudov öncə ona boş vaxt tapmağı xahiş etdi. “Sizdən xahiş edirəm ki, mənə asudə vaxt tapasınız, mənim qətiyyən boş vaxtım yoxdur. Gecə-gündüz işləyirəm, şəxsi həyatıma ayıracaq zaman tapmıram. Bütün gücümü keçmiş tariximizin yenidən yazılması məsələsinə sərf etmişəm. Xaricdən sənədlər gətirilir. Onları araşdırırıq”.

Elmira Axundova da asudə vaxtının yoxluğundan gileyləndi. “Olanda ancaq üzgüçülük və mütaliə ilə məşğul oluram”.

Rövşən Rzayev asudə vaxtlarını dostları, ailəsi ilə keçirdiyini bildirib. Deputatın hobbisi isə şahmat oynamaqdır.

Fəzail Ağamalı da asudə vaxtlarını ailəsi, nəvələri ilə keçirir. “Əvvəllər kitab oxuyardım, indi gözümdə bir balaca problem var, tez yoruluram. Yəqin ki, müalicədən sonra yenidən kitab oxumağa qayıda bilərəm. Yazda bağda olarkən ağac, gül-çiçəklə maraqlanıram. Hərdən də universitet vaxtlarında birlikdə oxuduğum qrup yoldaşlarımla bir yerə yığılırıq”.

Nizami Cəfərov işlərinin çox olduğundan asudə vaxtının olmadığını deyir. “Olanda ancaq problemlərlə məşğul oluruq. Buna görə də xırda işlərlə deyil, böyük işlərlə məşğul oluruq. Hobbim isə kitab, yeni ədəbi nəşrləri, vaxtilə oxuduğumuz və artıq unutduğumuz ədəbiyyatları yenidən oxumaq, ictimai-siyasi insanların xatirələri, tərcümeyi-hallarını mütaliə etməkdir”.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...