“Azərbaycanda tibbi sığorta modelinin tətbiqinə süni əngəllər törədilir. “Tibbi sığorta haqqında” Qanun 1999-cu ildə qəbul edilsə də, qanunun reallaşması gecikir”. Modern.az saytı bildirir ki, bu sözləri Milli Məclisin iclasında deputat İlyas İsmayılov deyib. Deputat qeyd edib ki, tibbi sığortanın tətbiq edilməməsi üzündən vətəndaşlarımız müalicə üçün xaricə gedirlər.
“Bu qanun xəstənin xəstəxana xərclərinin ödənilməsinə, dərmanların alınmasına kömək edərdi. Amma bu gün qanun reallaşmır. “Dövlət Sığorta Agentliyinin yaradılması haqqında” prezidentin sərəncamı var, amma fəaliyyət göstərmir. Bunu araşdırdım və məlum oldu ki, məsələnin kökündə agentliyin tabeçilik məsələsi durur. Səhiyyə Nazirliyi agentliyin öz tabeçiliyinə verilməsinə, Nazirlər Kabineti isə hökümətə bağlı müstəqil fəaliyyət göstərməsini istəyir. Zənnimcə Nazirlər Kabinetinin qərarının üstündə durmaq lazımdır”-deyə İ.İsmayılov vurğulayıb.
Deputatın sözlərinə görə, nə qədər ki dövlət və özəl təşkilatlarda “qara maaş” məsələsi var və nə qədər özəl təşkilatlar yoxlamalara görə qeyri-qanuni haqq ödəyəcək, bu məsələ öz həllini tapmayacaq.
“Zənnimcə tibbi sığortanın tətbiq edilməməsinin səbəbi korrupsiya və kölgə iqtisadiyyatının genişlənməsidir. Bu da əhalinin ekstrasenslərə, İrana və türkə-çarəyə qaçmasına səbəb olur”.
Aytən Əliyeva