“Zeynəb Xanlarova hamımızın hörmət etdiyi, Azərbaycanımızı dünyada incəsənət, musiqi sahəsində tanıdan xanımdır. Təbii ki, Qarabağdan Milli Məclisdə hər zaman danışılır. Qarabağdan danışmaq təkcə qarabağlıların deyil, azərbaycanlıların bir nömrəli vəzifəsi, borcudur”.
Bu sözləri Modern.az-a açıqlamasında 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən seçilən deputat Elman Məmmədov deyib. O, bu gün Zeynəb Xanlarovanın Milli Məclisdə səsləndirdiyi fikirlərə münasibət bildirərkən qeyd edib ki, Qarabağdan olan millət vəkilləri məcburi köçkün olduğu üçün bu məsələ onları digərlərindən daha çox narahat edir.
“Bu istiqamətdə danışmaq, əməli iş görmək bizim hər birimizin borcudur. Təbii ki, burada söhbət təkcə parlamentdə oturub Qarabağdan danışmaqdan getmir. Danışmaq yerləri çoxdur və parlamentdə də yeri gələndə fikirlərimizi bildiririk. Mən təkrarçılığı xoşlamıram. Lazım olanda gərəkli sözü demək vacibdir. Elə-belə danışmaq, özünü burada göstərmək xətrinə nəsə demək mənim xasiyyətimdə deyil. Qarabağla bağlı yeri gələndə lazımi məsələləri, lazımi nöqtəyə çatdırıram, buna davam edəcəyəm və həyatım boyu etməyə borcluyam”.
Millət vəkili Flora Qasımova Zeynəb Xanlarovanın iradları ilə razılaşdığını bildirib. O, qeyd edib ki, Qarabağlı deputatlar bu mövzuda çox az danışırlar.
““Mən heç bu gün bilmirdim ki, Milli Məclisin iclasında nədən danışılacaq, Zeynəb Xanlarova bu barədə irad tutacaq. Zeynəb xanım millət vəkillərinə doğru irad tutub. Düzdür, bu, Milli Məclisdə həll ediləsi məsələ deyil. Amma biz də həmişə bunu gündəmdə saxlamalıyıq. Ermənilərə göstərməliyik ki, biz bu torpaqlardan əl çəkməmişik, o torpaqlara qayıtmaq niyyətindəyik. Nə qədər gözəl binalar, qəsəbələr salınsa da, yaşayışımız nə qədər yaxşı olsa da, doğma torpağımız oradır. Gözümüz həmişə oradadır. Bu problemi gələcək nəsillərə də ötürə bilmərik. Nə qədər ki, bu işlərin şahidləriyik, hadisələrin içində olan insanlarıq, deməli bu problemi daim qaldırmalıyıq. Mən Zeynəb Xanlarovanın iradı ilə tam razıyam”, – deyə Flora Qasımova bildirib.
Qeyd edək ki, bu gün Milli Məclisin iclasında millət vəkili Zeynəb Xanlarova çıxış edərək qarabağlı deputatları Qarabağdan danışmamaqda ittiham edib.
Gültəkin ƏLƏSGƏR
Aytən ƏLİYEVA