“Qusarda bir polis zabitini öldürən, üç əməkdaşı yaralayan mütəşəkkil dəstənin zərərsizləşdirilməsi, onların törətdiyi cinayət adi məişət zəminində baş verən hadisədir”. Bu sözləri Modern.az-a açıqlamasında Qusardan seçilən deputat Azər Badamov deyib. O, qeyd edib ki, hazırda bölgənin durumu sabitdir. “Qusarda normal həyat şəraiti davam edir, hər kəs öz işi ilə məşğuldur”.
Baş vermiş cinayətdə vəhhabi qruplaşmasının üzvləri olması məsələsinə gəlincə, deputat bildirib ki, bu dini cərəyan nümayəndələri bir çox bölgələrdə var və onların çoxalmasının qarşısı alınmalıdır.
“Azərbaycanda dini azadlıq var, buna qanunu şəkildə müdaxilə etmək olmur. Amma insanlar təbliğatla gənclərimizin düzgün istiqamətləndirilməsi yönündə işlər aparmalıdır”.
Xatırladaq ki, oktyabrın 16-da Qusar şəhərində naməlum şəxslər valyutadəyişmə məntəqəsinin işçisi Sadir Mustafayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirərək 6 min manat pulu ələ keçiriblər. Mütəşəkkil cinayətkar qruplaşmanın üzvlərindən Edik Rüstəmov, Faiq Şahmuradov və Ramiz Rəhimxanov əməliyyat nəticəsində zərərsizləşdirilib.
Aytən ƏLİYEVA