Modern.az

"CHP liderinin Azərbaycana səfəri münasibətləri səmimi edəcək" - Deputatlardan REAKSİYA

Parlament

9 May 2024, 17:42

Türkiyənin ana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Azərbaycana gəlməyə hazırlaşır. O, ötən gün yerli telekanallardan birinə müsahibəsində Azərbaycana səfər edəcəyini söyləyib. "Partiya sədri seçildikdən sonra ilk xarici səfərini Şimali Kiprə etdim. Daha sonra Azərbaycandan görüş istədim. İkinci səfər də Azərbaycana edilməlidir”, – Özəl qeyd edib.

 

O, səfərin konkret tarixini açıqlamas da, qarşıdakı günlərdə baş tutacağını bildirib. “Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz. Orada qüsurun böyüyü bizə, kiçiyi Azərbaycana düşər. Yanlışımız varsa, düzəldilməlidir”, – siyasətçi əlavə edib.

 

Qeyd edək ki, Özəl CHP lideri seçildikdən sonra partiyanın Azərbaycanla münasibətlərini bərpa edəcəyinə söz verib. O, Azərbaycanda baş tutan prezident seçkilərindən sonra Prezident İlham Əliyevi təbrik edib və bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxış edərkən Azərbaycana dəstəyini ifadə edib.

 

"Türkiyədəki bütün partiyalar Azərbaycana dost, qardaş münasibəti sərgiləməlidir"

 

CHP liderinin ölkəmizə səfəri ilə bağlı Modern.az-a danışan Azərbaycan-Türkiyə Parlamentlərarası İşçi Qrupunun üzvü Anar İsgəndərov bildirib ki, bu səfər iki dövlət və xalq arasında münasibətləri biraz da səmimi edəcək:

 

"Türkiyə Cümhuriyyəti bizə qardaş dövlətdir. Biz Şuşa bəyannaməsini imzalamışıq. Bu bəyannamə iki partiya arasında, yox iki dövlət arasında imzalanan müqavilədir. Bu müqaviləyə görə hər iki dövlət məsuliyyət daşıyır. Bu mənada CHP sədrinin Azərbaycana səfəri təqdir olunandır. 10 milyonluq Azərbaycan vətəndaşı Türkiyəni sevdiyi kimi, Türkiyənin və Türkiyə Cümhuriyyətinin hər bir vətəndaşı da Azərbaycanı sevməlidir. Azərbaycan və Türkiyə gücləndikcə Qərb cəmiyyəti narahat olur. Azərbaycan və Türkyənin münasibətləri o qədər səmimi olmalıdır ki, artıq partiya söhbəti yox, iki dövlətin və xalqın bir-birinə marağı diqqət mərkəzində olmalıdır. Bu səfər iki dövlət və xalq arasında olan münasibətləri biraz da səmimi edəcək. Artıq bizim Türkiyəyə, Türkiyənin Azərbaycana baxışında partiyadan daha çox dövlət və xalq münasibətləri ön planda olacaq".

Parlamentdə Yeni Azərbaycan Partiyasını təmsil edən Anar İsgəndərov partiyasının Türkiyədəki hamıya qarşı eyni düşüncədə olduğunu bildirib:

 

"Çünki Türkiyə sevdiyimiz, qardaş dediyimiz ölkədir. Gələcəkdə Türkiyə Cümhuriyyətində hansı partiyanın iqtidara gəlməsinə baxmayaraq, Azərbaycana dost, qardaş münasibəti sərgiləməlidir. Qərb bizə nə qədər çox təzyiq göstərsə də, əksinə biz türk dünyası olaraq, Azərbaycan dövlət başçısının sözləri ilə desək, Türk ailəsi olaraq, münasibətlərimiz o səviyyədə inkişaf etməlidir ki, kənardan heç bir təhlükə bizə mane olmasın".                             

"CHP-nin elektorat bazasında Azərbaycanla bağlı dolğun fikirlərin olması və formalaşması faydalıdır"

 

Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası İşçi Qrupunun digər bir üzvü Fazil Musatafa belə bir səfərin müsbət hadisə olacağını deyib:

 

"Çünki Türkiyə bizə qardaş dövlətdir. Biz onun daxilində olan siyasi qüvvələr arasında münasibətlərə, əslində, çox da qarışmamlıyıq. Təbii ki, hakim partiya ilə münasibətlərimiz yüksək səviyyədə olmalıdır. Bu əməkdaşlığımız üçün vacibdir. Digər tərəfdən bir sıra məsələlərin parlamentdə müzakirəsi zamanı Azərbaycanın mövqeyinin dəstəklənməsi baxımından Türkiyə dövlət sistemində olan və dövlətə qarşı olmayan siyasi partiyalarla normal münasibətlərin qurulması lazımdır. Mən bu səfəri normal qəbul edirəm. Hesab edirəm ki, onun qarşılanması, onunla görüşülməsi və münasibətlərin qurulması yaxşı olardı. Çünki CHP sistem və ana müxalifət partiyasıdır. Hər hansı şəkildə bu partiyanın da elektorat bazasında Azərbaycanla bağlı dolğun fikirlərin olması və formalaşması ancaq ümumi işimizin faydasına olardı".

"Təbii ki, bunu həm də biz Türkiyə iqtidarı ilə də tənzimləməliyik.Yəqin ki, onlar da bu məsələyə anlayışla yanaşarlar. Bizim niyyətimiz ümumiyyətlə, Türkiyənin bütün siyasi sisteminə normal Azərbaycan haqda təsəvvürləri aşılmaq və münasibətləri qurmaqdır. Bunun ziyanını olacağını düşünmürəm. Ancaq xeyri ola bilər",-Partiya sədri əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar