Modern.az

Azərbaycan Şimali Kipri tanıyacaq? - AÇIQLAMA

Azərbaycan Şimali Kipri tanıyacaq? - AÇIQLAMA

Parlament

15 May 2024, 11:22

Son dövrlər Azərbaycanla Şimali Kipr arasında əlaqələrdə mühüm inkişaflar yaşanıb. Milli Məclisdə Şimali Kiprlə parlamentlərarası işçi qrupu yaradılıb. Qrupun sədri Milli Məclisin deputatı Cavanşir Feyziyevdir. Bu həftə isə deputatlar Şimali Kiprə səfər edib, orada respublikanın prezidenti Ersin Tatar və digər rəsmi şəxslərlə görüşlər keçiriblər.

 

Qeyd edək ki, Şimali Kipr Türk Respublikası 1975-ci ildə öz müstəqilliyini elan edib. Hazırda bu dövlətin müstəqilliyini yalnız Türkiyə tanıyır. 

 

Şimali Kiprlə münasibətlərin inkişaf etməsi fonunda Azərbaycanın da bu dövləti tanıması ilə bağlı müzakirələr aparılır.

 

Modern.az sözügedən müzakirələrlə bağlı Milli Məclisin deputatları ilə söhbətləşib.

 

 

"Şimali Kiprin gələcəkdə rəsmi olaraq tanınması məsələsi də ortaya çıxa bilər"

 

Hazırda Şimali Kiprdə səfərdə olan Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Modern.az-a açıqlamasında Azərbaycanın beynəlxalq müstəvidə Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınmasında maraqlı olduğunu bildirib:

 

“Azərbaycan Milli Məclisində ötən ay Azərbaycan-Şimli Kipr Türk Cümhuriyyəti Parlamentlərarası işçi qrupu yaradıldı. Bu, ilk növbədə Şimali Kipr Türk Cümhuriyyətinə yönəlik blokadanın sındırılması mənasına gəlirdi. Şimali Kipr Türk Cümhuriyyətinə səfərimiz məhz parlamentlərarası işçi qrupunun yaranması ilə əlaqədardır. Azərbaycan Şimali Kipirin beynəlxalq səviyyədə tanınmasının təmin edilməsində maraqlıdır. Hər halda biz türk dövləti olduğuna görə bu istiqamətdə öz addımımızı atdıq”.

 

Fazil Mustafa hansı istiqamətlərdə görüşlərin aparılacağından da danışıb:

 

“Şimali Kipr Türk Cümhuriyyətinin Ulusal Məclisinin dəvətinə əsasən bura gəlmişik. Prezident, Parlament sədri, Baş nazir və bir sıra digər rəsmi şəxslərlə görüşlərimiz olub. Şimali Kipr Parlamentinin nümayəndələri ilə əlaqələrimizin genişdirilməsi istiqamətində fikir mübadilələri aparmışıq. Gün ərzində bir çox səmərəli görüşlərimiz olub. Görüşlərimiz davam edir. Biz ardıcıl olaraq buranın təhsil, turizm və mədəniyyət sahələri ilə də tanışlıq əldə edəcəyik. Bununla da gələcəkdə tövsiyyələrimizi vermək baxımından bizdə düşüncə, fikir formalaşacaq. Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası işçi qrupuna çox dəyərli millət vəkilimiz Cavanşir Feyziyev sədr seçilib. O, xarici siyasət sahəsində kifayət qədər təcrübəli şəxsdir. Bu görüşdə Türkiyə-Azərbaycan, Azərbaycan-Türkiyə, Türkiyə-Kipr, Kipr-Türkiyə, Azərbaycan-Kipr, Kipr-Azərbaycan parlamentlərarası işçi qruplarının nümayəndələrinin iştirakı Türkiyə-Azərbaycan-Kipr həmrəyliyinin möhkəmlənməsi baxımından olduqca önəmli tarixi hadisədir”.

 

 

Digər bir səfər iştirakçısı olan deputat Vüqar İskəndərov isə bunları deyib:

 

“Şimali Kipr Türk Cümhuriyyətinin yaranma tarixini yaxşı bilirik. Mən buraya bir neçə dəfə səfər etmişəm. İndi isə işçi heyətinin tərkibində burada rəsmi səfərdəyəm. Heyətin sədri Cavanşir Feyziyevdir. Qarşı tərəf bu qrupu artıq yaratmışdı. Təbii olaraq, bu ölkənin prezidentinin cənab İlham Əliyev tərəfindən qəbul olunması bu respublikanın Türk Dövlətləri Təşkilatı çərçivəsində müşahidəçi üzv kimi fəaliyyət göstərməsi, TÜRKPA xətti ilə görülən işlər Şimali Kipr Türk Cümhuriyyətinin gələcəkdə rəsmi olaraq tanınması məsələsini də ortaya çıxara bilər. Hazırda Parlament diplomatiyası sahəsində öz işlərimizi görürük. Təbii ki, bu respublikanın da tanınmaq hüququ var. Onlar da bu uğurda uzun müddətdir ki, fəaliyyət göstərir. Təbii olaraq, bizdə düşünürük ki, Şimali Kiprin beynəlxalq səviyyədə tanınması, məsələlərin BMT səviyyəsində həlli zərurəti artacaq”.

 

 

Milli Məclisin digər deputatı Arzu Nağıyev gələcəkdə çox mühüm addımların atılacağını söyləyib:

 

“Milli Məclisin deputatlarının Şimali Kiprə səfəri əsasən Azərbaycan-Kipr Parlamentlərarası İşçi Qrupunun yaradılması ilə əlaqədardır. Bu səfərin əhəmiyyəti böyükdür. Parlament işçi qrupunun yaradılması qanunvericilik istiqamətində ən mühüm addımların atılmasına səbəb ola bilər. Bundan başqa səfər vaxtı həmin qrupun Şimali Kipr Türk Cümhuriyyətinin rəhbərliyi səviyyəsində qarşılanması və müəyyən müzakirələrin aparılması bir daha burada gələcək üçün çox mühüm addımların atılacağını göstərir.  Baş nazir Ünel Üstal qarşıda duran problemlərin həlli üçün Türk dünyasıyla həmrəyliyin möhkəmlənməsinə çağırış edib. Eyni zamanda işçi qrupunun sədri Cavanşir Feyziyev Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınmasına tam hüququ olduğunu qeyd edib. Məlum məsələdir ki, türk dövlətləri birliyində yer ala bilən Şimali Türk Cümhuriyyəti bizim üçün əhəmiyyət kəsb edən tərəfdaşdır. Eyni zamanda Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan, Şimali Kipr-Azərbaycan parlamentlərarası işçi qruplarının rəhbərlərini də qəbul etməsi də çox mühüm əhəmiyyət kəsb edir. Birmənalı şəkildə Türk Dövlətləri Təşkilatının daha da genişlənməsinə bu, töhfə verəcək məsələdir. Məsələlərin hamısının qanunvericilik, parlament səviyyəsində həlli çox mühüm əhəmiyyət kəsb bedir”.

 

 

Milli Məclisin deputatı Naqif Həmzəyev isə parlamentarilərin Şimali Kipr Türk Cümhuriyyətinə səfərini belə dəyərləndirib:

 

“Milli Məclisdə Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti Parlamentlərarası İşçi Qrupunun yaradılması mühüm hadisə idi. Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində iştirak etməsi, daha sonra Prezident İlham Əliyevin rəsmi dəvəti ilə bu ölkənin Prezidenti Ersin Tatarın Azərbaycanda səfərdə olması, münasibətlərin günü-gündən inkişaf etməsi nəticə olaraq Türk Dövlətlərinin əlaqələrinin genişlənməsi fonunda çox böyük uğurdur. Şimali Kiprin, burada yaşayan türklərin çəkdikləri əziyyətlər, Türkiyənin buraya dəstəyi danılmaz faktlardır. Bu gün Türk Dövlətləri Təşkilatı Türkiyə Cümhuriyyətinə, eyni zamanda Şimali Kipr Türk Cümhuriyyətində yaşayan türk qardaşlarımıza dəstək olmaq barədə düşünür. Mən düşünürəm ki, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi nəticə etibarilə bu məsələlərdə daha çox dəstəyin verilməsi üçün zəmin yaradacaq. Azərbaycanı təmsil edən millət vəkillərinin eyni zamanda Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin millət vəkilləri ilə birlikdə “üç dövlət, tək millət” şüarı altında Şimali Kipr Türk cümhuriyyətində görüşlərin keçirilməsi təqdirəlayiqdir. İnanırıq ki, Şimali Kipr Türk Cümhuriyyətinin hüquqlarının bərpa edilməsi, BMT tərəfindən tanınması, Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında əlaqələrin daha da inkişaf etdirilməsi mümkün olacaq. Hər bir Azərbaycan vətəndaşı kimi biz də bunu istəyirik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi