Modern.az

Parlament seçkiləri: Yeni deputatlar hansı xüsusiyyətlərə malik olmalıdır? - SORĞU

Parlament seçkiləri: Yeni deputatlar hansı xüsusiyyətlərə malik olmalıdır? - SORĞU

15 May 2024, 15:27

Seçki qanunvericiliyinə görə, bu ilin noyabr ayının 3-də Azərbaycanda parlament seçkiləri keçirilməlidir. Lakin bu il ölkəmizdə beynəlxalq əhəmiyyətli COP29 tədbiri keçiriləcək, buna görə parlament seçkilərinin önə çəkilməsi müzakirə olunur. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da açıqlama verib.

 

“Qanunvericiliyə əsasən, bu il noyabr ayında parlament seçkiləri olmalıdır. Seçkilərin müddəti önə də çəkilə bilər”, - o, Komissiyanın mayın 2-də keçirilən iclasında bildirib.

 

Sədr əlavə edib ki, MSK artıq parlament seçkilərinə hazırlığa başlamalıdır. "Yanvar ayından başlayaraq seçici siyahılarının dəqiqləşdirilməsi də həyata keçirilir. Parlament seçkiləri ilə əlaqədar seçici siyahılarının dəqiqləşdirilməsi prosesi sürətləndirilməlidir. Parlament seçkilərindən sonra bələdiyyə seçkiləri gəlir ki, o daha da çətindir. Bütün bu hallar nəzərə alınmalıdır", - M.Pənahov qeyd edib.

 

Beləliklə, bu il Azərbaycanda parlament seçkilərinin qaçılmaz olduğu görünür. Bir çox ekspert Milli Məclisin tərkibinin əsaslı şəkildə dəyişəcəyini düşünür. 

 

Qeyd edək ki, ölkəmizdə sonuncu dəfə parlament seçkiləri 2020-ci ilin fevral ayında keçirilib. Bu seçkidə Milli Məclisin təxminən 35 faizi yenilənib, 80-dən artıq deputat mandatını qoruyub.

 

Bu il baş tutması planlaşdırılan parlament seçkiləri Vətən müharibəsindən və Qarabağın tam azadlığa qovuşmasından sonra keçirilir. İctimaiyyət yeni formalaşacaq parlamentin tərkibinin Qarabağ münaqişəsindən sonra yaranan yeni dövrə uyğun olmasını istəyir.

 

Maraqlıdır ki, yeni dönəmdə seçiləcək deputatlarda hansı keyfiyyətlər, xüsusiyyətlər olmalıdır? Modern.az məsələ ilə əlaqədar müxtəlif peşə sahibləri arasında sorğu keçirib.

"Deputat seçildiyi rayonun insanlarının dərdinə şərik olmalıdır"

 

Saytımıza açıqlamasında Əməkdar artist Mehriban Xanlarova deyir ki, deputat seçilən şəxs insanların qayğısına qalmalıdır.

 

“Elə deputatlar var ki, seçkiqabağı qapı-qapı gəzib, bir çox vədlər verirlər. Lakin deputat olandan sonra artıq heç kimi saymırlar. Deputat seçildiyi rayonun insanlarının dərdinə şərik olmalı, onların  problemlərini bacardığı qədər həll etməlidir. İnsanların bütün problemlərini həll etməlidirlər demirəm. Xeyr. Sadəcə olaraq, təəssüf doğurur ki, bəziləri seçilənə qədər qapı-qapı düşüb səs istəsə də, parlamentə düşdükdən sonra daha seçiciləri tanımırlar. Amma ona qədər "hər şey əla olacaq" deyərək türklər demiş "palavra" vədlər verirlər. Belə olmamalıdır”.

 

Politoloq Natiq Miri isə fikirlərini belə izah edib: “Parlament "qanunbişirən” orqandır. Bu qanunlar hüquq, siyasət, iqtisadi-siyasi, mənəvi, psixoloji bütün sahələri əhatə edir. Tənzimləyici qanunvericilik layihələri ortaya qoyur və icra orqanlardan hesabat dinləyir. Müəyyən mənada nəzarət mexanizmi həyata keçirir. Ona görə də, konkret hansısa ixtisas sahiblərinə üstünlük vermək, bununla bağlı konkret kvota qoymaq düzgün deyil. Parlamentdə oturacaq deputatlar hansısa nazirlərin sevgilisi deyil. Parlamentdə oturacaq insanlar ictimai-siyasi nüfuzu olan, ictimai rəyə təsir edən, ictimaiyyətin maraqlarını hər zaman qoruyan, həqiqəti söyləyən şəxslər olmalıdır. Belə olmalıdır ki, xalq parlamentə etibar etsin. Yoxsa ki, kimsə parlamentin iclasında rahatlıqla oturub, xalqın qulaq asacağını gözləməsin. Çünki xalqın hər zaman parlamentdə gözləntiləri olmalıdır. Parlament qanunverici orqan, hakimiyyətin ən vacib qolu olaraq, icradan, icra hakimiyyətindən asılı olmalı deyil. Burada qarşılıqlı asılılq olmalıdır”.

"Deputatlar ictimai fiqurlar içərisindən seçilməlidir"

 

Həkim, professor Adil Qeybulla deputatların xalq arasında populyar, tanınmış adamlardan seçilməli olduğunu bildirib: “Mənim fikrimcə, deputatlar ictimai fiqurlar içərisindən seçilməlidir. Yəni onlar müəyyən qədər populyar olmalı, xalq arasında müsbət keyfiyyətlərinə görə tanınmalıdır. Bunları da əlbəttə ki, insanlar səs verib seçir. Hazırda Parlament seçkilərinin keçirilməsi barədə müxtəlif fikirlər səsləndirilir. Konstitusiyaya görə, bu il mütləq seçki olmalıdır. Düşünürəm ki, müəyyən fraksiya olmalıdır. Hər halda seçkilərin hansı formatda keçirilməsini gözləyək. Buna uyğun daha sonra qiymətləndirmə apararam. Parlamentə düşən şəxs ictimai fiqur olmalıdır ki, doğrudan da, parlamentdə məsələləri qaldırıb, diskussiya etsilər. Bu xüsusiyyətlər çox vacibdir”.

 

Ağsu rayonunda işləyən orta məktəb müəllimi Fatimə Hacıağaqızı deputatlardan gözləntiləri barəsində danışarkən bildirib ki, millət vəkilləri insanların hüquqlarını və ehtiyaclarını aidiyyəti orqanlara çatdıran nümayəndələrdilər:

 

"Parlamentin quruluşu, idarəolunması ilə bağlı fikirlərim müsbətdir. Sadəcə deputatların gələcək fəaliyyətlərində görüləcək məsələlər haqqında daha operativ olmaqlarını, insanların təklif və ehtiyaclarını düzgün və əsaslı çatdırmaqlarını istəyərəm. Xüsusən də, kəndlərdə kənd təsərrüfatını inkişaf etdirəcək, gənc kadrların inkişafını, evdar qadınların çalışa biləcəyi iş yerlərinin açılmasını dəstəkləyəcək layihələrin irəli sürülməsini istəyərəm”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi