Modern.az

“Qaragilə” mahnısını oxuyan deputat: “Buna məcbur qaldım”

“Qaragilə” mahnısını oxuyan deputat: “Buna məcbur qaldım”

Parlament

17 May 2024, 12:56

Azərbaycan Milli Məclisinin nümayəndə heyəti 12-16 may tarixlərində Şimali Kipr Türk Cümhuriyyətində rəsmi səfərdə olub. Səfərin son günündə Şimali Kipr Prezidentinin də iştirak etdiyi tədbirdə maraqlı anlar yaşanıb. Belə ki, Azərbaycan Milli Məclisinin deputatı Vüqar İskəndərov xalq mahnımız "Qaragilə"ni ifa edib. Onun bu hərəkəti sosial şəbəkələrdə də maraqla qarşılanıb.


Modern.az-ın əməkdaşı Vüqar İskəndərovla əlaqə saxlayaraq, deputatı ifaçılıq istedadı ilə bağlı danışdırıb.


Vüqar İskəndərov bu maraqlı hadisənin necə baş verdiyinə aydınlıq gətirib:


"Səfərin son günü Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar böyük ziyafət verdi. Ziyafətdə bu ölkənin rəhbərliyi, eləcə də Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin deputatları iştirak edirdi. Tədbirə mədəniyyət, musiqi qrupları, Türkiyənin məşhur müğənniləri, aktyorlar, tanınmış simalar da çağırılmışdılar.

Türkiyə parlamentinin deputatı ölkəsinə aid 6-7 mahnı oxudu. Təbii olaraq, mən də Azərbaycanı təmsil etməliydim. Sona yaxın Azərbaycan kökənli Türkiyə deputatı "Çırpınırdın Qara dəniz" mahnısını oxudu. Mən həmin mahnını onunla bir yerdə ifa etdim. Daha sonra bizim nümayəndə heyəti xahiş etdi ki, Azərbaycan da xalq mahnısı ilə təmsil olunsun. Mən də "Qaragilə" mahnısını oxudum. Sadəcə olaraq, Türkiyədən gələn musiqi qrupu mahnını bilmirdi deyə çətinliklər var idi. Mən də məcbur qalıb mahnını musiqi müşaiyəti olmadan oxudum. Arxada musiqi qrupu sadəcə olaraq səsimə uyğun zümzümə edirdi, mahnının musiqisini çala bilmirdilər. Çalışdıq ki, tədbirdə Azərbaycan da xalq mahnısı ilə təmsil olunsun. Bunu da bacardıq.
Beləcə tədbirdə Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyətinin həm də mədəniyyəti, musiqisi siyasi səviyyədə təmsil olundu".

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi