Modern.az

Milli Məclisdən Lüksemburqa ETİRAZ 

Milli Məclisdən Lüksemburqa ETİRAZ 

Parlament

17 May 2024, 14:28

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bəyanat yayıb.

 

Modern.az xəbər verir ki, bəyanatda deyilir:

 

"Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi 2024-cü il mayın 16-da Lüksemburqun Deputatlar Palatasının qərəzli və obyektivlikdən uzaq qətnamə qəbul etməsinə qəti etirazını bildirir və ölkəmizi hədəf alan bu hərəkəti şiddətlə qınayır. Sözügedən qətnamədə Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqət və faktlar nəzərə alınmamış, regionda mövcud olmuş münaqişənin kökündə dayanan Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulması tamamilə diqqətdən kənar buraxılmışdır. Ermənistanın ölkəmizə qarşı 30 il ərzində törətdiyi hərbi işğal nəticəsində 4000-ə yaxın itkin düşmüş azərbaycanlının aqibətinin gözardı edilərək, itkin düşmüş ermənilərin vurğulanması ölkəmizə qarşı sərgilənən ikili standartların bariz nümunəsidir.


Eyni zamanda, Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin məram və məqsədləri təhrif edilərək, ölkəmizə qarşı əsassız iddialar səsləndirilmişdir. Bu mənada, həmin tədbirlərin Azərbaycana qarşı davam edən hərbi təhdidlərin aradan qaldırılmasına və qanunsuz hərbi birləşmələrin mövcudluğuna son qoyulmasına yönəldiyi qətiyyən nəzərə alınmamışdır. Həmçinin, Qarabağ regionunun erməni əsilli sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində atılan uğurlu addımlara lazımi qiymət verilməmiş və regiondakı gələcək davamlı sülh üçün əlavə maneələr yaradılmışdır.


Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin irəliyə aparılması üçün tədbirlərin görüldüyü, ikitərəfli danışıqlar formatının müsbət şəkildə irəlilədiyi, xüsusən sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində uğurlu nəticələrin əldə edildiyi dövrdə Lüksemburq Deputatlar Palatasının və onun havadarlarının məqsədi həmin ikitərəfli danışıqlar formatını və sülh prosesini pozaraq regiona müdaxilə etməkdir.


Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi olaraq, ölkəmizə qarşı nümayiş etdirilən bu ədalətsiz yanaşmanı qətiyyətlə rədd edir və bunu Lüksemburq Deputatlar Palatasının daxilində reallığı dərk etmək qabiliyyətinin və istəyinin olmamasının bariz nümunəsi kimi qəbul edirik".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?