Modern.az

Müsəlman şərqində ilk PARLAMENTLİ CÜMHURİYYƏT

Müsəlman şərqində ilk PARLAMENTLİ CÜMHURİYYƏT

Parlament

28 May 2024, 15:39

Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində yeganə parlamentli respublika idi. Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti özünü sübut etməyi bacarmışdı. Parlamentin yaranma tarixinə baxdıqda görərik ki, qısa və şərəfli tarixin yaradılması o qədər də asan olmayıb.

Modern.az saytı müsəlman şərqinin o vaxtkı yeganə parlamenti haqqında yazını təqdim edir.

1918-ci il sentyabrın 15-də Bakı Qafqaz İslam Ordusu tərəfindən azad olunandan iki gün sonra Fətəli xan Xoyski hökuməti Gəncədən Bakıya köçdü. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olundu.

1918-ci il iyunun 17-də Gəncədə öz fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası həmin il noyabrın 16-da öz işini yenidən bərpa etdi. Bu iclasda Fətəli xan Xoyskinin müraciəti ilə Milli Şura Müəssisələr Məclisini çağırmaq üçün görülməli olan işləri öz öhdəsinə götürdü. Noyabrın 19-da Milli Şuranın Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə keçən iclasında qeyd olunurdu ki, Azərbaycan Milli Şurası Azərbaycan ərazisində yaşayan bütün millətləri təmsil etməlidir.

Beləliklə, hər 24 min nəfərdən 1 nümayəndə hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1 nümayəndə olmaqla Azərbaycan parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara alındı.

Müsəlmanlardan 44 nəfər Milli Şura üzvü ümumi səsvermə yolu ilə seçildiklərinə görə yeni parlamentin sıralarına daxil oldu.

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin çağırılması ilə əlaqədar Azərbaycan Milli Şurası adından, onun sədri M.Ə.Rəsulzadənin imzası ilə 1918-ci il noyabr ayının 29-da Azərbaycan və rus dillərində “Bütün Azərbaycan əhalisinə!” Müraciətnaməsi dərc edildi.

Parlamentin açılışı 1918-ci il dekabrın 3-ə təyin olunsa da, müəyyən səbəblərdən ilk iclas dekabrın 7-nə keçirilmişdi.

1918-ci il dekabrın 7-də  Hacı Zeynalabdin Tağıyevin Nikolayev (indiki İstiqlaliyyət) küçəsində yerləşən keçmiş Qızlar məktəbinin binasında müsəlman şərqində ilk parlamentin birinci iclasının açılışı oldu. Parlamenti açan Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə böyük təbrik nitqi ilə çıxış etdi.

Həmin vaxt Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə sədrin birinci müavini seçildi.

Bundan başqa, parlamentin 3 nəfərdən ibarət katibliyi də müəyyən olundu, Mehdi bəy Hacıniski baş katib seçildi.

Daha sonra Azərbaycan Xalq Cümhuriyyəti müvəqqəti hökumətinin sədri F.X.Xoyski Nazirlər Kabinetinin  fəaliyyəti haqqında hesabat verdi və hökumətin istefasını qəbul etməyi parlamentdən xahiş etdi.

1919-cu ilin axırlarına yaxın AXC parlamentində 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi.

Bütün partiya fraksiya və qrupları öz fəaliyyət proqramları haqqında bəyanatlar vermişdilər.  Bu bəyanatlarda ümumi bir məqsəd var idi – gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli və siyasi hüquqlarını qoruyub saxlamaq, Azərbaycan xalqının və hökumətinin digər xalqlar və dövlətlərlə, xüsusilə qonşu dövlətlərlə dostluq əlaqələrini yaratmaq və  möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət qruluşunu bərqərar etmək, geniş sosial islahatlar həyata keçirmək, ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq... Parlamentin fəaliyyəti bilavasitə onun nizamnaməsi rolunu oynayan “Azərbaycan Parlamentinin nakazı (təlimatı)” ilə tənzimlənirdi.

Fəaliyyət müddətində Azərbaycan Cümhuriyyəti parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılıb. Onlardan da 230-a yaxını təsdiq edilib.

Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi. Onlar maliyyə-büdcə, qanunvericilik təklifləri, Müəssisələr Məclisinə seçkilər keçirmək üzrə mərkəzi komissiya, mandat, hərbi, aqrar məsələlər, sorğular üzrə, təsərrüfat-sərəncamverici, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət, redaksiya və fəhlə məsələləri üzrə komissiyalar idi.

Parlamentin və hökumətinin qarşısında duran ən mühüm vəzifələrdən biri də Azərbaycanın istiqlaliyyətinin beynəlxalq aləmdə tanınması idi.

Bu sırada xarici siyasətdə ilk addım olaraq Azərbaycan Respublikasının yaranması barədə dünya ölkələrinin Xarici İşlər nazirliklərinə məlumat verilməsi oldu. Lakin paytaxtın Gəncədə yerləşməsi və xarici dövlətlərdə nümayəndəliklərin yaradılması ilə əlaqədar olan çətinliklər Azərbaycan Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı Osmanlı dövlətinə müraciət etməsinə səbəb oldu.

Daha sonra 4 iyun 1918-ci il “Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsi” imzalandı. Bu müqavilə Azərbaycan Cümhuriyyəti xarici dövlətlərlə imzaladığı ilk rəsmi sənəd hesab olunur. 11 maddədən ibarət müqavilənin mühüm əhəmiyyətə malik 4-cü maddəsində “dinclik və asayişi möhkəmləndirmək ölkənin təhlükəsizliyinin təmini üçün əgər zərurət olarsa, Osmanlı hökuməti Azərbaycan Respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürür” müddəası öz əksini tapırdı. Bu müqaviləyə əlavə olaraq, Bakı-Batum neft kəməri, Cənubi Qafqaz dəmir yolu haqqında olan saziş və protokollar imzalandı. “Bakı-Batum neft kəməri” ilə bağlı sazişdə Gürcüstan, Türkiyə və Azərbaycan öz ərazilərində neft kəmərinin fəaliyyətinin təmin olunmasını razılaşdırırdılar.

14 iyun Batumda “Sülh və dostluq” müqaviləsinə əlavə olaraq iki saziş imzalandı. Birinci sazişdə 4 iyun müqavilənin Almaniya və Avstriya-Macarıstana da aid olduğu bildirilirdi və Azərbaycanın müstəqilliyinin müttəfiqlər tərəfindən tanınmasını Türkiyə öhdəlik kimi üzərinə götürürdü.

Bundan sonra 10 noyabr tarixində Azərbaycan hökuməti tərəfindən ABŞ prezidentinə dünya dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması xahişi ilə müraciət olundu. Bununla yanaşı, Azərbaycan nümayəndə heyəti Ənzəlidə Böyük Britaniya komandanlığı ilə danışıqlara başladı. Müttəfiq qoşunların Bakıya daxil olması ilə yaranmış çətinliklər diplomatik səylər nəticəsində müttəfiq komandanlıq tərəfindən de-fakto Azərbaycanın tanınması ilə nəticələndi.

Həmin dövrlərdə Azərbaycan hökuməti nümayəndələri Ənzəlidə müttəfiq komandanlığın generalı Tomsonla danışıqlarda beynəlxalq sülh konfransında iştirak üçün təminat aldılar. Sülh konfransında iştirak etməklə Azərbaycan nümayəndələri 4 mühüm vəzifəni həll etmək istəyirdilər:

1) ABŞ, Fransa, Böyük Britaniya, İtaliya müttəfiq hökumətləri və Hollandiya və İsveçrə nümayəndələri ilə görüşərək suveren dövlət kimi Azərbaycanın müstəqilliyinin tanınmasına nail olmaq;
2) Azərbaycan haqqında ictimai rəy formalaşdırmaq;
3) Tanınmış ictimai və siyasi xadimlərlə, təşkilat rəhbərləri ilə görüşərək Azərbaycan barədə məlumat vermək;
4) Xarici dövlətlərin ticarət-sənaye dairələri ilə kommersiya əlaqələrinə girərək, Azərbaycanın gələcəyi üçün zəruri materiallar toplamaq.

Azərbaycan nümayəndə heyətinə yalnız mayın əvvəlində Parisə gedib çatmaq müyəssər oldu. ABŞ prezidenti V.Vilsonun təşəbbüsü ilə ilk dəfə Azərbaycan məsələsi ABŞ, Fransa, İtaliya və Böyük Britaniya hökumət başçılarından ibarət Dördlər Şurasının iclasında müzakirə olundu və Ə.M.Topçubaşovun nümayəndə heyətinin rəhbəri kimi tanınmasına razılıq verildi.

Nümayəndə heyəti mayın 23-də ingilis nümayəndəsi ser Malletlə görüşündə 1919-cu ildən Bakıdakı işğal rejiminin ləğvi məsələsi müzakirə olundu. Boğazlar və Qafqazda mandatlar məsələsi ilə bağlı müzakirələr ABŞ-ın marağına səbəb oldu və mayın sonu Vilson Azərbaycan nümayəndə heyətini qəbul etdi. Prezidentə təqdim olunan memorandum Azərbaycan barədə məlumat verirdi və buna əlavə 6 bənddən ibarət tələblər irəli sürülmüşdü. Burada, Azərbaycanın müstəqilliyinin tanınması, Vilson prinsiplərinin Azərbaycana şamil edilməsi, Millətlər Cəmiyyətinə qəbul; ABŞ hərbi departamentliyi tərəfindən Azərbaycana hərbi yardım və ABŞ-Azərbaycan arasında diplomatik münasibətlərin yaradılması kimi fikirləri öz əksini tapmışdı. Lakin Vilson müstəqillik məsələsinə fikir bildirməyərək, əvvəlcə rus məsələsinin həllinə tərəfdar olduğunu bildirdi.

1919-cu ilin sentyabrında Parisdəki nümayəndə heyətinin rəhbəri Ə.M.Topçubaşov ABŞ Konqresi Nümayəndələr Palatasının üzvü Çandlerin ABŞ-da Azərbaycanın müstəqillik və mənafe maraqlarının qorumaq üçün vəkil təyin olunması ilə bağlı saziş imzaladı.

Oktyabr ayında Fransa müstəmləkə liqasının xarici siyasət bölməsinin rəhbəri Azərbaycanın de-fakto və de-yure tanınmasını müdafiə etdiyini və nümayəndə göndərmək xahişi ilə Klemanso hökumətinə müraciət etdiyini bildirdi.

4 maddəlik İran-Azərbaycan ittifaqı haqqında sazişin imzalanması Azərbaycan nümayəndə heyətinin İranın öz sərt mövqeyini dəyişdirmək istiqamətində diplomatik uğurunun nümunəsi oldu. Saziş Azərbaycanın müstəqil dövlət olduğunun tanınması barədə idi.

1920-ci ilin yanvarında Parisdə Ali Şuranın iclası Azərbaycanın müstəqilliyini bəyan edən memorandum hazırladı. Xəzər dənizinin müdafiəsi, Azərbaycana maliyyə, hərbi və ərzaq yardımı göndərilməsi məsələləri öz əksini tapdı. Azərbaycan nümayəndə heyəti qarşısına qoyduğu məsələləri və əsasən müstəqilliyin tanınması məsələsini həll etmiş oldu. Mart ayında Azərbaycan-İran arasında imzalanan müqavilə müstəqilliyin de-yure tanınmasını bəyan etdi.

1920-ci ilin aprel ayından isə Azərbaycan parlamenti öz fəaliyyətini dayandırmağa başladı. Belə ki, 28 aprel işğalı ilə Azərbaycan müstəqil dövlət olmaq yolunda səylərini dayandırmış oldu. Bununla da müsəlman şərqinin ilk parlamenti öz işlərini dayandırdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi