Modern.az

YAP-dan olmayan deputatlardan parlamentin buraxılmasına REAKSİYA

YAP-dan olmayan deputatlardan parlamentin buraxılmasına REAKSİYA

Parlament

20 İyun 2024, 18:12

İyunun 20-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçirilib.

İclasda YAP-ı təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstəriblər, bununla bağlı yekdil qərar qəbul edilib.

Bəs parlamentin digər partiyalardan olan deputatları YAP-ın qərarını necə qiymətləndirirlər?

Məsələ ilə bağlı Modern.az-a danışan deputat, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, YAP üzvlərinin növbədənkənar seçkilərlə əlaqədar təşəbbüsünə normal münasibət bəsləyir:
 

“Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı müraciətinə normal münasibət bəsləyirəm. Onsuz da  gec-tez bu olmalı idi. Yeni Azərbaycan Partiyası parlament seçkilərinin tezliklə keçirilməsini istəyirsə, bizim etirazımız yoxdur”.
 

Asim Mollazadə seçkilərdə iştirakla bağlı məsələnin partiyada müzakirə olunacağını və müvafiq qərar qəbul olunacağını deyib.
 

Milli Məclisin bitərəf deputatı Aqil Abbas YAP üzvlərinin təşəbbüsünü dəstəkləyib:
 

“COP29 tədbirinin keçirilməsi məsələsi var. Bu, böyük tədbirdir. Dünyanın bütün ölkələrindən qonaqlar tədbirdə iştirak edəcəklər. Bununla əlaqədar seçkiləri bir ay qabağa çəkmək istəyirlər. Burada nə var ki? Yeni Azərbaycan Partiyasının bu təklifini dəstəkləyirəm”.
 

Parlamentin digər üzvü, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev rəhbərlik etdiyi qurumun məsələyə müsbət yanaşdığını vurğulayıb:
 

“Ümumiyyətlə, parlament seçkilərinin önə çəkilməsi normal haldır. Onsuz da seçkilər Konstitusiyaya uyğun olaraq 3 noyabrda keçirilməlidir. Belə çıxır ki, dediyiniz düzdürsə, seçki iki ay önə çəkilir və bu problem deyil. Belə olacaqsa, təbii ki, ciddi səbəbləri var ki, önə çəkilir. Rəhbərlik etdiyim Milli Cəbhə Partiyası bu məsələyə normal yanaşır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var