Modern.az

Çalışacağıq ki, bir neçə deputatımız olsun! - Növbədənkənar seçki qərarı bu partiyaları silkələyib

Çalışacağıq ki, bir neçə deputatımız olsun! - Növbədənkənar seçki qərarı bu partiyaları silkələyib

22 İyun 2024, 11:24

Milli Məclisdə çoxluq təşkil edən YAP-çı deputatlar növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Onların müraciəti Milli Məclisdə digər partiyaları təmsil edən deputatlar, habelə bitərəflər tərəfindən dəstəklənib.

Milli Məclis Konstitusiyanın 95-ci maddəsinin 2-ci hissəni rəhbər tutaraq qərara alıb ki, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət edilsin. Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
 

Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri növbədənkənar seçki qərarına münasibət bildiriblər?
 

Milli Məclisin komitə sədri, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa bildirib ki, parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi texniki zərurətdən irəli gələn məsələdir:
 

“Növbəti parlament seçkilərinin keçirilməsi noyabr ayının3-nə düşürdü. Seçkilərin noyabrın 3-dən sonraya keçirilməsi Konstitusiya pozuntusu olur. Həmən ərəfədə də bizim istəyimizidən asılı olmayaraq, ümumi razılaşma əsasında COP29 tədbiri baş tutacaq. Xeyli millət vəkili bu böyük tədbirin təşkilat komitəsinin üzvləridir. Həm də bu tədbirin ayrı-ayrı işlərində iştirak edəcəklər. COP29 olduqca ciddi beynəlxalq tədbir  olduğuna görə, parlament də səfərbər ediləcək. Bu baxımdan həmin vaxt parlament seçkilərinin keçirilməsi mümkün deyil. Bunu da əvvəlcədən Mərkəzi Seçki Komissiyasının sədri bəyan etmişdi ki, seçkilər ancaq qabağa çəkilə bilər. Seçkilərin iki ay əvvəl keçirilməsindən söhbət gedə bilər. Əgər seçki bu ərəfədə elan olunsa, tarix haradasa sentyabr ayına gəlib düşür. 


Bu, texniki zərurətdən irəli gələn məsələdir. Parlmentin buraxılma forması da Konstitusiyada nəzərdə tutulan prinsiplərə uyğun şəkildə həyata keçirilir. Hakim partiya parlamentdə çoxluğu təşkil etdiyinə görə, onun belə təşəbbüslə çıxış etməyə ixtiyarı var. Bu da heç kimə təəccüblü gəlməməlidir. Növbəti seçkilər yenə də Azərbaycan qanunvericiliyinə uyğun şəkildə keçiriləcək. Azərbaycan xalqı və dövləti seçki məcəlləsini tələblərinə uyğun olaraq bu mərhələni də uğurla adlayacaq".
 

Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı hakim partiyanın  təşəbbüsünün normal olduğunu qeyd edib:
 

“Yəni burada problemli nəsə yoxdur. Parlamentdə "Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" qanun layihəsi ilə bağlı səsvermə oldu. Yəqin ki, növbədənkənar seçkilər keçiriləcək. Mən də bu təşəbbüsün lehinə səs verdim”.
 

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, YAP üzvlərinin növbədənkənar seçkilərlə əlaqədar təşəbbüsünə normal münasibət bəsləyir:
 

“Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı müraciətinə normal münasibət bəsləyirəm. Onsuz da  gec-tez bu olmalı idi. Yeni Azərbaycan Partiyası parlament seçkilərinin tezliklə keçirilməsini istəyirsə, bizim etirazımız yoxdur”.

Asim Mollazadə özünün seçkilərdə iştirakla bağlı məsələsinin partiyada müzakirə olunacağını və müvafiq qərar qəbul olunacağını deyib.
 

Parlamentin digər üzvü, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev rəhbərlik etdiyi qurumun məsələyə müsbət yanaşdığını vurğulayıb:
 

“Ümumiyyətlə, parlament seçkilərinin önə çəkilməsi normal haldır. Onsuz da seçkilər Konstitusiyaya uyğun olaraq 3 noyabrda keçirilməlidir. Belə çıxır ki, seçki iki ay önə çəkilir və bu problem deyil. Belə olacaqsa, təbii ki, ciddi səbəbləri var ki, önə çəkilir. Rəhbərlik etdiyim Milli Cəbhə Partiyası bu məsələyə normal yanaşır”.
 

Milli Məclisin deputatı, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyevin müavini Niyaməddin Orduxanlı söyləyib ki, parlament seçkilərinin növbədənkənar keçirilməsi normal hal kimi qəbul olunmalıdır:
 

“Yeni Azərbaycan Partiyası hakim partiyadır. Artıq parlament seçkiləri yaxınlaşır. Seçki qanunvericiliyinə görə,  parlament seçkiləri bu ilin noyabr ayının ilk həftəsində keçirilməliydi. Burada bir neçə ayın məsələsi var. Bir sıra tədbirlər keçirilməsi nəzərdə tutulub. Noyabr ayında COP29 keçiriləcək. Bu tədbirin böyük qlobal əhəmiyyəti var. Azərbaycana təxminən 80 mindən çox qonaq gəlməlidir. Eyni zamanda sentyabrda “Formula1” tədbirinin olması, dekabrda isə bələdiyyə seçkilərinin keçirilməsi gözlənilir. Bu baxımdan parlament seçkilərinin növbədənkənar keçirilməsi normal hal kimi qəbul olunmalıdır".

Niyaməddin Orduxanlı deputat Qüdrət Həsənquliyevin səsvermədə layihənin lehinə, yoxsa əleyhinə çıxdığı barədə dəqiq məlumata malik olmadığını deyib. "Dünən Qüdrət bəylə görüşməmişik. Lakin öz şəxsi qənaitimi söyləyə bilərəm ki, Qüdrət bəy səsvermənin lehinə səs verib".

Partiya sədrinin müavini seçkilərdə iştirakları və planlar barədə danıb:

"Biz indiyə kimi bütün parlament seçkilərində iştirak etmişik. Böyük imkanlarımız var. 60-a yaxın rayon təşkilatlarımız mövcuddur. Həm məntəqə seçki dairələrində, həm də MSK-da təmsil olunan partiyayıq. Növbədənkənar parlament seçkilərində bir qayda olaraq iştirakımız gözlənilir. Bütün imkanlarımızı səfərbər edəcəyik ki, budəfəki parlamentdə bir nəfərlə deyil, daha çox nümayəndə ilə təmsil olunaq".
 

Respublikaçı Alternativ Partiyası (REAL) Siyasi Komitəsinin üzvü, icra katibi Natiq Cəfərli növbədənkənar seçki qərarının sürpriz olmadığını deyib:

"Əslində, bu surpriz qərar deyil. Bu barədə danışanlar ən çox REAL Partiyasının İdarə Heyətinin üzvləri idi. Növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilirdi. Hətta bunu öncədən bildiyimizi nəzərə alaraq, hələ dekabr ayında Seçki Qərargahı təsis etdik və daha tez hazırlıqlara başladıq. Seçki Qərargahının rəhbəri Rəsul Cəfərov təyin edildi. İndiyədək onlarla toplantı keçirilib. Hazırlıq işləri, müşahidəçilərin iştirakının konsepsiyası, tezislər və proqram sənədləri ilə bağlı çoxsaylı müzakirələr aparılıb. Düşünürəm ki, REAL Partiyası seçkilərə öncədən hazırlaşmaqla düzgün qərar verdi. İndi REAL hazırlıqlı partiya kimi seçkilərə gedir. Çalışacağıq ki, ölkənin bütün ərazi vahidlərindən namizədlərimiz olsun. Amma əsas məsələ say deyil. Əsas məsələ keyfiyyət, seçkilərdə qalib gələ biləcək namizədlərin olmasıdır. Namizədlərin sayı və dairələri ilə bağlı son dəqiqləşdirmə işləri gedir. Düşünürəm ki, bu seçkilər gələcəkdə Azərbaycanın hansı yolu tutacağı ilə bağlı çox mühümdür".

Whatsapp
Bizə yazın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var