Modern.az

Azərbaycan polisinə atılan güllə dövlətimizə atılan güllədir!

Azərbaycan polisinə atılan güllə dövlətimizə atılan güllədir!

24 İyun 2024, 17:22

Bu gün hamımızı sarsıdan və hiddətləndirən çox acı xəbər aldıq.

Polis əməkdaşlarının humanistliyindən sui-istifadə edən Allahverdiyev Rövşən adlı cani polis kapitanı Eldəniz Məmmədovu, polis serjantı Mahir Ağayevi və polis serjantı Mirəli Heydərovu xidməti vəzifəsini icra edən zaman odlu silahdan atəş açaraq alçaqcasına qətlə yetirib.

Azərbaycan polisinə edilən bu xain hücumu qəti şəkildə pisləyirik!

Azərbaycanın cəsur və igid polisləri torpaqlarımızın müdafiəsində, xüsusilə, 44 günlük Vətən müharibəsində daim ön cəbhədə vuruşub, qəhrəmanlıq göstərərək şəhid olublar, bir sözlə, dövlətimiz və xalqımız naminə ən təhlükəli tapşırıqların icrasını hər zaman şərəflə yerinə yetiriblər və indi də yerinə yetirirlər. Vətəndaşların təhlükəsizliyinin qorunmasında, ölkədə ictima-siyasi sabitliyin və əmin-amanlığın təminatında müstəsna xidmətləri olan Azərbaycan polisinə atılan güllə, heç şübhəsiz ki, hamımıza, ilk növbədə, dövlətimizə atılan güllədir.

İnanıram ki, Azərbaycanın COP29 kimi ən mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdiyi bir ərəfədə polisə edilən silahlı hücumun bütün detalları, bu qətlin arxasında duran mümkün məkrli planları istintaq orqanları qısa müddətdə aşkar edəcəkdir.

Ancaq hamı əmin olsun ki, heç bir qüvvə ölkədə cənab Prezident İlham Əliyev tərəfindən yaradılan möhkəm ictimai-siyasi sabitliyi və əmin-amanlığı poza bilməz, nə xalqımız, nə də hüquq mühafizə orqanlarımız buna imkan verməz!

Daxili İşlər Nazirliyinin rəhbərliyi başda olmaqla bütün polis orqanlarının əməkdaşlarına, şəhid olan polislərimizin ailə üzvlərinə, yaxınlarına, o cümlədən xalqımıza dərin hüznlə başsağlığı verir və hər üç polis əməkdaşına Allahdan rəhmət diləyirəm!

Azay Quliyev,
Milli Məclisin deputatı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var