Modern.az

Sonuncu iclasda bütün deputatlar iştirak etdi, təkcə o GƏLMƏDİ

Sonuncu iclasda bütün deputatlar iştirak etdi, təkcə o GƏLMƏDİ

Parlament

28 İyun 2024, 12:10

Bu gün VI çağırış Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilir.

Parlamentin bugünkü iclasının gündəliyinə 15 məsələ daxildir.

Modern.az xəbər verir ki, sonuncu iclasda diqqətçəkən məqam deputatlardan 1-i istisna olmaqla, qalan hamının toplantıya gəlməsidir.

Yalnız 1 saylı Şərur- Sədərək seçki dairəsinin deputatı, Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbov həmişəki kimi Milli Məclisin iclasına gəlməyib.

Qeyd edək ki, hazırda Milli Məclisin 115 deputatı var. Müxtəlif səbəblərdən parlamentdə 10 deputat yeri boşdur.

Vasif Talıbov Milli Məclisin 1 saylı Şərur- Sədərək seçki dairəsindən seçilmiş deputatıdır.

O, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin də deputatı olub.




Vasif Talıbov həm də hazırda Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, V.Talıbov parlamentin iclaslarında iştirak etməlidir.

Amma Vasif Talıbov uzun müddətdir Milli Məclisin iclaslarına gəlmir. Nədənsə parlamentin İntizam komissiyası da indiyə kimi bu məsələyə açıq şəkildə münasibət bildirməyib.

Halbuki, Milli Məclisin Daxili Nizamnaməsinə görə, plenar iclaslarda, yaxud komitə və komissiyaların iclaslarında üzrsüz səbəbdən iştirak etməyən deputat parlamentdaxili məsuliyyətə cəlb olunmalıdır. Ötən 5 ildə isə Vasif Talıbovla bağlı hər hansı addım atılmayıb.

Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb. O, 27 ildən sonra - 2022-ci ilin dekabrında Ali Məclisin sədri vəzifəsindən istefa verib.

Böyük ehtimalla Vasif Talıbovun sentyabr ayında keçirilməsi gözlənilən növbədənkənar parlament seçkilərində iştirakına da şahid olmayacağıq. Beləliklə, "Naxçıvan xanı" nağılı artıq bitmək üzrədir...


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?