Modern.az

ATƏT PA-da Ermənistan konstitusiyasının dəyişdirilməsi tələb edildi

ATƏT PA-da Ermənistan konstitusiyasının dəyişdirilməsi tələb edildi

Parlament

3 İyul 2024, 11:16

ATƏT PA-nın Buxarestdə keçirilən 31-ci illik Sessiyasının bugünkü plenar iclasında çıxış edən Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun İqtisadiyyat və Ekologiya Baş Komitəsinin sədri Azay Quliyev ölkəmizin rəsmi mövqeyini Assambleya üzvlərinin diqqətinə çatdırıb:

 

Modern.az-ın məlumatına görə, Azay Quliyev bildirib ki, münaqişə başa çatdıqdan sonra Ermənistan ictimai bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını, ölkəmizə qarşı ərazi iddialarından əl çəkdiyini qeyd edib.

 

"Lakin, hələ də ciddi bir məsələ açıq qalır: Ermənistanın sözdə verdiyi  bəyanatla əməli üst-üstə düşürmü ? Cavab isə sadədir, YOX!

 

Çünki Ermənistan Konstitusiyasında təəssüf ki, hələ də Azərbaycan ərazisinin bir hissəsinin Ermənistana birləşdirilməsi ilə bağlı ərazi iddiaları var”.

 

Deputat daha sonra qeyd edib: “Belə anormal müddəanın olması hamımızı narahat etməlidir,  çünki dünyada münasibətləri normallaşdırmaq və qonşusu ilə sülh müqaviləsi bağlamaq istəyən heç bir dövlət özünün əsas sənədində həmin dövlətə qarşı ərazi iddialarını özündə əks erdirən bu cür  bəndləri saxlaya bilməz.  Bu paradoks və ziddiyyət Ermənistanın bəyan etdiyi sülh istəyini və bu prinsipə sadiqliyini ciddi şəkildə sarsıdır. Azərbaycan haqlı olaraq onun milli təhlükəsizliyinə birbaşa təsir edən bu qanunsuz iddiaların aradan qaldırılmasını tələb edir.

 

Lakin Ermənistanın Azərbaycanın haqlı narahatlığını daxili işlərə qarışmaq kimi qələmə verməklə kövrək olan qarşılıqlı etimada zərbə vurmaqda  və sülh müqaviləsini gecikdirməkdə davam edir.

 

Həmkarlar, razılaşırsınız ki, qonşuya qarşı ərazi iddiaları heç bir ölkənin daxili işi ola bilməz!  Bu cür rəsmi iddialar regionda sülhə və təhlükəsizliyə birbaşa təhdiddir, hətta beynəlxalq narahatlıq doğuran məsələdir və ona görə də Azərbaycana qarşı olan ərazi iddiası sülh müqaviləsinin imzalanması üçün əsas maneədir və bu müddəa Ermənistan Konstitusiyasından tezliklə çıxarılmalıdır. Bu davranış həm də Ermənistanın elan etdiyi sülh gündəliyi ilə onun addımları arasında uyğunsuzluğu daha da qabarıq göstərir”.

 

Sonda isə Azay Quliyev  ATƏT-in Minsk Qrupu, ATƏT-in fəaliyyətdə olan Sədrliyinin şəxsi nümayəndəsi vəzifəsini və Yüksək Səviyyəli Planlaşdırma Qrupunu münaqişədən sonrakı reallığa uyğun olmadığını və tamamilə əhəmiyyətsiz bir quruma çevrildiyini  əsas gətirərək onların ləğvini tələb edib:

 

“Bu cür qeyri-funksional qurumların saxlanması üçün hər il təxminən 2 milyon avronun ayrılmasını əsaslandırmaq çətindir və bu ciddi suallar doğurur. Ona görə də mən ATƏT-in Daimi və Nazirlər Şuralarını heç bir mənası və fəaliyyəti qalmayan qeyd etdiyim strukturların ləğvi məsələsini rəsmi şəkildə nəzərdən keçirməyə çağırıram”.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”