Modern.az

Dünyanın və Azərbaycanın ən gənc deputatları - SİYAHI

Dünyanın və Azərbaycanın ən gənc deputatları - SİYAHI

Parlament

3 İyul 2024, 16:06

Son bir neçə ildə bütün dünyada gənclərin siyasətə qarışması və seçkilərə qatılmaları nəzərə çarpacaq dərəcədə artıb.

Statistikaya nəzər salsaq görərik ki, Amerika, Avropa və Afrikada keçirilən seçkilərdə gənclər ötən illərə nəzərən daha aktiv iştirak edib və nəticə qazanıb.

Bu da siyasətin gənclərə meydan açmasından və rəngarəng olmasından irəli gəlir.

Dünya ölkələrinin parlamentlərində bir çox sahələrdə olduğu kimi, gəncləşmə siyasəti gedir. Avropanın bəzi  ölkələrində parlament üzvlərinin yaşı 22-dir.

Modern.az deputat seçilənlərin yaş həddinin aşağı düşməsini nəzərə alaraq dünyanın ən gənc parlamentarlarını araşdırıb.

Dünyanın ən gənc deputatı Kanadanın Quebec əyalətindən seçilən 19 yaşlı Pierre-Luc Dusseaultdur. O, 2011-ci ildə federal seçkilərdə 19 yaşında Kanada İcmalar Palatasına seçilərək ölkə tarixində ən gənc parlament üzvü (MP) olub. Növbəti dəfə 2015-ci ildə yenidən seçilib, amma 2019-cu ildə Kanada federal seçkilərində kreslosunu itirib.

Şotlandiyadan olan Britaniya parlamentinin üzvü Mhairi Black isə ilk dəfə parlamentə 2015-ci ildə 20 yaşında seçilib.  Bu, onu 1667-ci ildən bəri ən gənc qadın deputat edib.

Növbəti gənc parlamentari 2017-ci ildə Fransadan seçilən hüquq fakültəsinin tələbəsi Typhanie Degoisdur. O, 24 yaşında Fransa parlamentinin ən gənc üzvü olub. Typhanie Degois Emmanuel Makronun partiyasından seçilib.

29 yaşlı Edison Broce Panama milli assambleyasının ən gənc deputatıdır.

2017-ci ildə 22 yaşında seçilən senator Cordon Stil-Con hazırda Avstraliya parlamentinin ən gənc üzvüdür. O, həm də əlilliyi olan şəxsdir.

İsveçli Ebba Hermansson da 2018-ci ildə 22 yaşında ölkəsinin parlamentinə seçilib.

Yeni Zelandiyanın deputatı Chloe Svarbrick də  23 yaşında parlamentə seçilib. O, ölkənin son 42 ildə ən gənc deputatı olub.

Misir əsilli ispan siyasətçi Naqua Alba isə 2015-ci ildə 25 yaşında İspaniya parlamentinə seçilib. O, təkcə parlamentin ən gənc üzvü deyil, həm də ərəb əsilli ilk deputat olub.

22 yaşında Rusiya Dumasının deputatı seçilmiş Tatyana Smirnova da  ən gənc deputatlardan hesab olunur. O, “Edinaya Rossiya” partiyasından namizədliyini irəli sürüb. Amma gənc yaşda avtomobil qəzasında həyatını itirib.

Ukrayna Radasının ən gənc üzvü isə 23 yaşlı Yuliy Boyko hesab olunur. Namizədliyini irəli sürən Boyko böyük səs fərgi ilə deputat seçilib.

Türkiyənin ən gənc deputatının isə 25 yaşı var. Zəhranur Aydəmir ötən il hakim partiyadan - AKP-dən millət vəkili seçilib. 

Ermənistan parlamentində gənc deputatlar çoxluq təşkil edir. Ölkə parlamentinin ən gənc deputatı 25 yaşlı Sona Kazaryandır. 1993-cü ildə anadan olmuş Kazaryan Paşinyanın tərəfdarlarından sayılır.


Azərbaycan da növbədənkənar parlament seçkilərinə hazırlaşır. 2024-cü il sentyabr ayının 1-də qanunverici orqana seçkilər keçiriləcək.

Anayasaya əsasən, Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Milli Məclisin deputatı seçilə bilər. 18 yaşdan yuxarı şəxslər deputatlığa namizəd ola bilərlər. Qanunvericilikdə namizəd üçün son yaş həddi nəzərdə tutulmayıb.

İndiyə kimi Azərbaycanda ən gənc deputatlar 2020-ci ildə keçirilmiş parlament seçkiləri nəticəsində VI çağırış Milli Məclisə seçilən bir neçə paramentardır. Bu sırada birinci ən gənc deputatın 28 yaşı olub. O, 2020-ci ildə 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən qalib gələn Səbinə Xasayevadır. 1993-cü il təvəllüdlü S.Xasayeva Lökbatan bələdiyyəsinin sədr müavini olub. Onun namizədliyi YAP tərəfindən irəli sürülüb.

Digər gənc deputat 63 saylı Sabirabad birinci seçki dairəsindən seçilən Kamal Cəfərovdur. 1989-cu ildə anadan olan K.Cəfərovun namizədliyi də YAP tərəfindən irəli sürülmüşdü.

Daha bir gənc deputat 99 saylı Şəmkir kənd seçki dairəsindən Nurlan Həsənovdur. Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi olan N.Həsənov 1988-ci il təvəllüdlüdür. Onun da namizədliyi YAP tərəfindən irəli sürülmüşdü.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”