Modern.az

Dostluq, qardaşlıq və müttəfiqlik birliyi - Deputat yazır

Dostluq, qardaşlıq və müttəfiqlik birliyi - Deputat yazır

Parlament

5 İyul 2024, 09:28

Şanxay Əməkdaşlıq Təşkilatının iyulun 3-də Astanada keçirilən Zirvə görüşü çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin baş tutmuş üçtərəfli görüşü şərh edib.

 

Bu görüş, formatına və təmsilçilik səviyyəsinə görə, tarixi əhəmiyyətə malikdir, çünki, ilk dəfə olaraq, üç ölkənin başçılarının yüksək səviyyəli iştirakı ilə keçirilib. Görüşün özünün məzmununu və nəticələrini də tarixi adlandırmaq olar - dünyada ciddi qeyri-sabitliyin və burulğanların cərəyan etdiyi bir dövrdə, dünya tarixinin yeni mərhələsində üç ölkə arasında strateji əməkdaşlığa və tərəfdaşlığa sadiqlik nümayiş etdirildi. Ortaq dini, mədəni və tarixi bağlılığa malik olan Azərbaycan, Türkiyə və Pakistan həmin görüşdə Şərqdə güclü, qüdrətli və perspektivli birliyin yaradılaraq inkişaf etdirilməsi iradəsini və qətiyyətini bütün dünyaya bəyan etdilər. Görüşün Şanxay Əmçəkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində baş tutduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, Avrasiya məkanında qlobal layihələrin və inteqrasiyanın əsas təşəbbüskarı və katalizatoru olan Çin Xalq Respublikası belə bir birliyə müsbət münasibət bəsləyir.

 

Azərbaycan, Türkiyə və Pakistanın ittifaqı Şərqlə Qərbi birləşdirən nəqliyyat dəhlizlərinə təhlükə yarada biləcək bir çox risklərə və çağırışlara qarşı hərbi-siyasi cavabı təmin etmək üçün kifayət qədər resurslara malikdir. Bura beynəlxalq terrorçuluq, və ümumiyyətlə, qlobal və regional güclər arasında geosiyasi rəqabətlə bağlı risklər daxildir.

 

Görüşdə, xüsusi olaraq, bir daha Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunduğu vurğulandı, 44 günlük Vətən Müharibəsində qardaş Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstək xüsusi qeyd edildi, Azərbaycan xalqının və dövlətinin buna yüksək dəyər verdiyi də söylənildi.

 

Bakı ilə Pekin arasında münasibətlərin yüksək sürətlə inkişaf etdiyini, bu günlərdə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”nin qəbul olunduğunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, Azərbaycan öz geosiyasi seçimini etdi, Çinlə geosiyasi ittifaqın yaradılmasında maraqlı və israrlı olduğunu açıq-aşkar nümayiş etdirdi.

 

Kollektiv Qərb isə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında öz cilovsuz hökmranlıq və dominantlıq xəyalını reallaşdırmağa cəhd edərkən yeni reallıqlarla, yəni Avrasiya dövlətlərinin bir-birinin rifahı naminə qurduğu geostrateji tərəfdaşlığı ilə hesablaşmalıdır və onu qəbul etməlidir.

 

Təsadüfi deyil ki, üç dövlətin liderlərinin görüşündə regiondankənar dövlətlərin Cənubi Qafqazda silahlandırma siyasətindən narahatlıq ifadə olunub və bu mesaj, ilk növbədə, Ermənistanı silahlandırmaq kursunu həyata keçirən Fransaya və Hindistana ünvanlanıb. Azərbaycan isə Mərkəzi Asiya və Yaxın Şərq regionlarının əsas oyunçuları ilə tərəfdaşlıq əlaqələri qurmaqla və onları inkişaf etdirməklə həm siyasi, həm diplomatik, həm də hərbi tədbirlər vasitəsilə regionun silahla doldurulmasının qarşısını alacağını göstərdi.

 

Heç bir şübhə yoxdur ki, Azərbaycan, Türkiyə və Pakistanın bu dostluq, qardaşlıq və müttəfiqlik birliyi Cənubi Qafqazda davamlı sülhün və sabitliyin yaradılmasına və qorunub saxlanmasına xidmət edir və regionda reallaşdırılmış və planlaşdırılan iqtisadi, ticarət, nəqliyyat və logistik layihələrin təhlükəsizliyini və davamlılığını tam təmin etmək potensialına malikdir. Bu birliyin getdikcə gücləndirilməsi və dərinləşdirilməsi, ilk növbədə, ölkələrimizin milli maraqlarına tam uyğundur.

 

Kamran Bayramov
Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi