Modern.az

Milli Məclisin vitse-spikerlərindən biri qadın olacaq?

Milli Məclisin vitse-spikerlərindən biri qadın olacaq?

Parlament

14 Avqust 2024, 17:48

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürənlər arasında kifayət qədər qadın var.

 

Modern.az-ın məlumatına görə, namizədlərin təxminən 1/3-i qadındır. Onların arasında seçki dairəsi üzrə favorit namizəd olanlar da müşahidə edilir.

 

Səsvermədən sonra parlamentə seçiləcək qadınların sayı da maraqlıdır. Məlumat üçün bildirək ki, ötən parlament seçkilərində 22 qadın mandat əldə edib. Bu isə V çağırışdakı göstəricidən 1 nəfər artıq idi. Budəfəki seçkidə də bir çox qadın namizədin deputat seçiləcəyi ehtimal edilir.

 

Parlamentin formalaşmasından sonra VI çağırış parlamentin spikeri Sahibə Qafarovanın yenidən Milli Məclisin sədri postuna namizəd olacağı gözlənilir.

 

Əldə etdiyimiz məlumata görə, yeni çağırış parlamentdə spikerin müavinlərindən biri də qadın ola bilər. Belə ki, spikerin müxalifəti və ya bitərəfləri təmsil edən müavinlərindən birinin yerinə qadın deputatın namizədliyinin irəli sürüləcəyi gözlənilir.

 

Qeyd edək ki, Milli Məclis sədrinin müavinləri Milli Məclisin deputatları sırasından açıq səsvermə yolu ilə seçilir. Vitse-spiker vəzifəsinə namizədliyi ilk növbədə Milli Məclisin sədri, sonra isə deputatlar irəli sürə bilərlər. Milli Məclisin sədri və hər deputat parlament sədrinin birinci müavini və müavini vəzifələrinin hər birinə yalnız bir namizəd göstərə bilərlər. Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir.

 

Səsverməyə azı 7 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir. Açıq səsvermə nəticəsində azı 63 deputatın səsini almış namizəd Milli Məclis sədrinin müavini seçilir.

 

Namizədlərin heç biri azı 63 səs almadıqda, Daxili Nizamnamənin 27-ci maddəsində nəzərdə tutulmuş qaydada səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə də heç bir namizəd 63 səs ala bilməzsə, başqa namizədlər göstərilməklə yeni seçkilər keçirilir. Spikerin müavinlərinin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir.

 

Qeyd edək ki, hazırda Milli Məclisin sədri Sahibə Qafarova, sədrin birinci müavini Əli Hüseynli, müavini isə Fəzail İbrahimlidir. Sədrin digər müavini Adil Əliyev isə bir müddət əvvəl Suraxanı rayonuna icra başçısı təyin edildiyi üçün onun mandatı ləğv edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ