Modern.az

Putinin Azərbaycana səfəri tarixi əhəmiyyət daşıyır - Azər Kərimli

Putinin Azərbaycana səfəri tarixi əhəmiyyət daşıyır - Azər Kərimli

Parlament

20 Avqust 2024, 16:35

Rusiya Prezidentinin Azərbaycana dövlət səfəri xüsusi önəm və tarixi əhəmiyyət daşıyır və səfər çərçivəsində keçirilən görüşlər, səsləndirilən fikirlər Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsindən, qarşılıqlı etimadlı münasibətlərdən xəbər verir.


Bu sözləri Modern.az saytına açıqlamasında VI çağırış Milli Məclisin deputatı Azər Kərimli deyib. 


Azər Kərimli qeyd edib ki, Azərbaycan və Rusiya liderlərinin, eləcə də dövlət rəsmilərinin qarşılıqlı səfərləri intensiv xarakter daşıyır ki, bu da hər iki ölkənin ən müxtəlif sahələr üzrə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunun sübutudur:

 

“Məlum olduğu kimi, 2024-cü il ərzində Azərbaycan və Rusiya prezidentləri arasında yüksək səviyyəli görüş təşkil olunub. Bundan başqa, hər iki ölkənin baş nazirləri, nazirləri, parlament rəhbərləri qarşılıqlı səfər həyata keçiriblər və onların sayı əlaqələrin nə qədər yüksək səviyyədə və intensiv olduğunu göstərir.
Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı faydalılıq, ortaq maraqlar və yaxın qonşuluq prinsipləri əsasında inkişaf edir və hər iki ölkənin mənafeyinə cavab verir. Bu, həm də onu sübuta yetirir ki, iki ölkə arasınsa imzalanmış müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin bütün müddəaları uğurla həyata keçirilir. Rusiya Prezidentinin Azərbaycana dövlət səfəri Azərbaycan-Rusiya münasibətlərinin bundan sonra da inkişaf edəcəyini, siyasi, iqtisadi, humanitar və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu bir daha təsdiqləyir”.

 

Deputat ölkəmizdə Rusiya ilə ortaq keçmişə və dəyərlərə xüsusi önəm verildiyini vurğulayıb və qeyd edib ki, hazırda Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır: “Bununla yanaşı, 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var. Təbii ki, bütün bunlar, eyni zamanda ölkəmizdəki çoxmədəniyyətliliyə verilən yüksək dəyərin göstəricisi kimi də dəyərləndirilə bilər.
Prezidentlərin bəyanatlarından da hiss olunur ki, hər iki dövlətin başçısı münasibətlərin bundan sonra da ən yüksək səviyyəyə qaldırılmasında qərarlıdır və bu proses ardıcıl şəkildə, daha çevik, dinamik həyata keçiriləcək. Azərbaycanla Rusiya arasında imzalanan sənədlərin spektri də sübuta yetirir ki, iki ölkənin işbirliyi getdikcə daha da genişlənir və mahiyyət üzrə ikitərəfli əməkdaşlığın bütün istiqamətləri əhatə edir. Rusiya prezidenti tərəfindən Azərbaycanın bölgənin təhlükəsizliyində, sabitliyində oynadığı rolun xüsusi vurğulanması, Moskvanın Bakı ilə münasibətlərinə mühüm əhəmiyyət verdiyini bildirməsi, iki ölkə arasındakı münasibətlərin perspektivi ilə bağlı bir çox suallara cavab tapılmasına imkan yaradır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi