Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 46 ölkə və 39 qurumdan ümumilikdə 321 nəfər beynəlxalq müşahidəçi qeydə alınıb.
Bundan əlavə, seçkilərlə əlaqədar 93 964 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.
Qeyd edək ki, Xarici İşlər Nazirliyi tərəfindən seçkini izləmək üçün 7 beynəlxalq təşkilata dəvət göndərilib. Bunlar ATƏT DTİHB, MDB, İƏT, GUAM, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı, ŞƏT və TDT-dir.
Milli Məclis tərəfindən isə 13 beynəlxalq təşkilata dəvət göndərilib. Bunlar arasında АТӘТ РА, MDB PA, TürkPA, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı (İƏT Pİ), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏTPM), GUAM PA, Asiya Parlament Assambleyası (APA), Pan-Afrika Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (İƏT PA), Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyası (AIPA), Ərəb Parlamenti, Beynəlxalq Parlamentarilər Konqresi (IPC), Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) yer alır.
Azərbaycan sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkiləri müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyasına (AŞPA) dəvət göndərməyib.
Bu barədə Modern.az-a danışan mənbə onu da diqqətə çatdırıb ki, AŞPA müşahidəçi missiyasının seçkilərdə iştirakı yalnız Azərbaycan nümayəndə heyətinin mandatının tanınmasından sonra müzakirə oluna bilər.
Xatırladaq ki, bu il yanvarın 24-də Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı səsvermə hüququ məhdudlaşdırılıb və səlahiyyətləri sual altına alınıb. Azərbaycan nümayəndə heyəti öz növbəsində bu qərardan öncə qurumda mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.