Son günlər ABŞ siyasi rəsmiləri tərəfindən ölkəmiz əleyhinə geniş miqyaslı qərəzli kampaniyaya start verilməsi bu ölkənin siyasi dairələrinin öz məkrli maraqları naminə Azərbaycanın iradəsinə təsir göstərmək, onun bölgədəki aparıcı roluna kölgə salmaq məqsədindən irəli gəlir. Oktyabrın 3-də ABŞ-da 10 senator və Nümayəndələr Palatasının 48 üzvü üzvü Konqresin Ermənistanla iş üzrə komitəsinin həmsədri Frenk Fallon və senator Ed Murkinin dövlət katibi Entoni Blinkenə ünvanladıqları məktuba qoşularaq Ermənistanın revanşist niyyətlərinə və regionda yenidən münaqişə yaratmağa xidmət edən bütün məsələlərin, o cümlədən müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların azadlığa buraxılması kimi beynəlxalq hüquqa zidd tələbin ABŞ hökumətinin diqqətində olmasının vacibliyini bəyan edib və ABŞ-ni Azərbaycana sanksiyalar tətbiq etməyə çağırıblar.
Bunun ardınca ertəsi gün daha bir ABŞ konqresmeni Adam Şiff tərəfindən “2024-cü il Artsax gəlirlərinin bərpası haqqında Akt” adlı qanun layihəsinin müzakirəyə təqdim edilməsi destruktiv fəaliyyətlə müşayiət olunan bu qərəzli qarayaxma kampaniyasının tərkib hissəsi kimi dəyərləndirilməlidir. ABŞ Konqresində Azərbaycana qarşı formalaşan qəbuledilməz mövqe, həmçinin Ermənistandakı revanşistlərə maliyyə yardımı ayrılması barədə təşəbbüslər Ermənistanı müdafiə edən, regionda yeni münaqişə yaratmağa xidmət edən çağırışlara açıq-aşkar dəstəyin ifadəsidir. Müraciət müəlliflərinin ermənilərin sifarişi ilə tərtib etdikləri bu qanun layihəsi etnik və dini simpatiyadan doğan ayrı-seçkilik xarakteri daşıyır.
ABŞ siyasi dairələrinin ölkəmizə qarşı qərəzli mövqeyini sübut edən digər məqam onunla bağlıdır ki, müraciət məhz Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf Dövlətlərin 29-cu görüşünə (COP29) ev sahibliyi ərəfəsində ortaya çıxıb. Belə ki, fəaliyyət istiqaməti fərqli olan tədbirdən sui-istifadə edərək, profilə uyğun olmayan məsələləri qabartmağa çalışmaq absurd və şantaj xarakterlidir. Görünən isə odur ki, bunun arxasında beynəlxalq erməni mafiyasının çirkli pulları dayanır. Təsadüfi deyil ki, məktubu şərh edən “Hay Dat” terror təşkilatının Vaşinqton ofisinin erməni əsilli icraçı direktoru Aram Hambaryan açıqlayıb ki, Qarabağın soyqırım və etnik təmizlənməsinə görə Azərbaycan məsuliyyət daşımalıdır.
Məsələnin daha bir səciyyəsi isə məlum proseslərin bilavasitə ABŞ-nin dövlət strukturlarının iştirakı ilə gündəmə gəlməsi ilə bağlıdır. Prezident İlham Əliyev Cəbrayıl şəhərinin işğaldan azad olunduğu dördüncü ildönümü günü yerli sakinlərlə görüşündə bu məsələni xüsusi vurğulyaıb: “Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz”. Dövlət başçısı daha sonra əlavə edib: “O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün”.
Burada daha bir məqama diqqət yetirilməsi vacibdir. Sonuncu dəfə Entoni Blinken ilə Prezident İlham Əliyev arasında sentyabrın 16-da telefon söhbəti zamanı tərəflər regional və ikitərəfli əməkdaşlıq, o cümlədən Azərbaycanın beynəlxalq insan hüquqları öhdəliklərinə əməl edilməsinin vacibliyini müzakirə ediblər. Qarşılıqlı etimad şəraitində və pozitiv məcrada keçən bu söhbətdən sonra kongresmenlərin əsası olmayan və beynəlxalq hüquqa zidd tələblərlə Azərbaycanı təhdid etmələri heç də anlaşılan deyil və xoşagəlməz məramlardan xəbər verir.
Bir milyondan çox azərbaycanlının etnik təmizləməyə, Xocalıda soyqırımına məruz qalmasına və 30 ildən artıq bir müddət ərzində onların geri qayıtmaq hüququndan məhrum edilməsinə göz yuman, işğal dövründə Azərbaycan iqtisadiyyatına vurulmuş yüz milyardlardlarla ölçülən zərəri görməzdən gələn, Ermənistanın yerləşdirdiyi minaların günahsız mülki insanları öldürməsinə və şikəst etməsinə biganə qalan konqresmenlərin bu davranışı ikili standartlar əsasında davam edən mövqe nümayişidir.
Azərbaycan isə bütün bunlara baxmayaraq hər zaman özünün sülh təşəbbüslərini qorumaqda davam edir, humanist dəyərlərə sədaqət nümunələrini ortaya qoyur. Məlum olduğu kimi, ötən il Dubayda keçirilən COP28 iqlim konfransında BMT tədbiri üçün Azərbaycanın ev sahibliyini qəbul etməsi ilə bağlı Ermənistan iki tərəf arasında əldə olunmuş razılaşmaya əsasən bu qərara etiraz etmədiyini rəsmi şəkildə bəyan etmişdi. Bakı İrəvanın bu hərəkətinə cavab olaraq onlarla erməni əsiri azad etmişdi.
Belə təəssürat yaranır ki, amerikalı “ədalət və demokratiya carçıları” bölgədə yeni reallıqlar yaratmış Azərbaycanın tarixi uğurlarını həzm edə bilmir və sanki bölgədə sülhün bərqərar olmasından əndişələnirlər. Ona görə də kongresmenlərin həm də əxlaqi dəyərlərdən uzaq davranışları nəinki Ermənistanın və Azərbaycanın sadə vətəndaşlarının düşüncələrini əks etdirmir, eyni zamanda mühüm əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunda ABŞ-ın özünün də dövlət maraqlarına böyük zərbədir.
Əli Hüseynli
Milli Məclisin deputatı