"İpək Yolu Mədəni və Tarixi Araşdırmalar” İctimai Birliyinin sədri, jurnalist Aida Eyvazlı Milli Məclisə müraciət edib.
Modern.az-ın məlumatına görə, jurnalist həllini vacib hesab etdiyi bir problemin həm mənəviyyat, həm də büdcə məsələsi olduğunu bildirib:
“Hörmətli millət vəkilləri!
Hər birimiz zibil qutularının yanından keçəndə qalaq-qalaq yığılmış çörək dolu sellafon paketləri, yerə səpələnmiş çörək qırıntılarını görməmiş olmazsınız. Bu acınacaqlı hal məni bir vətəndaş kimi çox düşündürür.
Biz uşaq olanda rəhmətlıik atam harada çörək qırıntısı görsə, onu götürüb öpüb gözünün üstünə qoyar, sonra da əl dəyməyən - quş yeyə bilən bir yerə qoyardı.
Rəhmətlik anam həmişə süfrədəki çörək qırıntılarını yığıb yeyərdi. Bir dəfə soruşdum ki, ki, niyə belə edir? Anam müharibə illərində gördükləri çətinliklərdən, çörəyə necə həsrət qaldıqlarından danışdı. Dedi ki, bir çörək qırıntısında da hamımızın gözü qalardı ki, görəsən onu kim yeyəcək? Və bu söhbəti edəndə anamın sifət cizgilərinin necə titrədiyini, yanaqlarından üzü aşağı göz yaşının sel kimi axdığını gördüm. Aclıq acısını yaşayanlar belə olurlarmış.
İndi içərisi mən qarışıq evimizdə çörək qurudumu, onu aparıb zibil yığılan yerdə bir kənara qoyuruq ki, kimsə götürüb heyvanına yem edəcək.
Lakin çörəyə qarşı bu qədər etinasız və hörmətsizliyimiz nə qədər doğrudur?
Bəli, mənim ailəm azsaylıdır. Bəzən bir çörək alanda üç gün yeyib qurtarmırıq. Çörək evdə qalır, içərisi kiflənir. Bəs neyləməli?
Əvvəlcə çörəyin keyfiyyətinə ciddi nəzarət olmalıdır. Hamımız bilirik ki, çörək bişirənlər pul qazanmaq üçün çörəyin başına min bir oyun açırlar. Hətta çörək sexlərində işlədilən unlar belə çörək istehsalına yaramır. Heyvan üçün nəzərdə tutulan aşağı keyfiyyətli və ya köhnə undan bişirilən çörəklər piştaxtalara gəlir, oradan da evimizə ... və mədəmizə.
Mən Milli Məclisdə iqtisadiyyat sahəsinə baxan komitələri təmsil edən deputatlarımıza üzümü tuturam, bu məsələ ilə mübarizə aparmağa səsləyirəm:
1. Unun və çörəyin keyfiyyəti yaxşılaşdırılsın.
2. Azsaylı ailələri, tək yaşayan insanlar nəzərə alınsın, bir çörəyin yarısı boyda kiçik həcmli çörəklər də istehsal olunsun. Kiçik həcmli çörəklər satılarsa, aldığımız çörəklər evimizdən zibil yeşiklərinə getməz.
Ümid edirəm ki, müraciətimi nəzərə alıb, bu məsələnin və problemin həll olunmasına dəstək verənlər tapılacaq.
Unutmayaq ki, çörək həm də dövlətin iqtisadi strategiyasıdır. Nahaq yerə deməyiblər ki, "Çörək bol olarsa, basılmaz Vətən!". Çörəyin çox olması, dövlətin büdcəsinin xeyrinədir. Lakin çörəyin atılması nə dövlətin, nə də ailənin büdcəsinə xeyir gətirir.
Çörək Qurandan irəlidir, -deyiblər.
Vətənimizi, elmizi varlı görmək hər bir vətəndaşın əməli və arzusu olmalıdır”.