Modern.az

Qərb çalışır ki, Azərbaycanı gücdən salsın - Deputat

Qərb çalışır ki, Azərbaycanı gücdən salsın - Deputat

Parlament

12 Oktyabr 2024, 15:18

"Azərbaycan bu gün ərazi bütövlüyünü bərpa edib, regionda güclü dövlətə çevrilib".
 

Modern.az xəbər verir ki, bu fikirləri saytımıza Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.


Onun sözlərinə görə, Azərbaycanı sevən dövlətlər də var, qəbul etməyən dövlətlər də:


“Xüsusilə də Qərbin, Amerika Birləşmiş Ştatları və Fransanın təzyiqini görürük. Onların məqsədi nə Azərbaycan, nə də Ermənistanla bağlıdır. Qərb Avrasiyada öz mövqeyini qoruyub saxlamaq niyyətindədir. Belə bir zamanda ən mühüm məsələlərdən biri milli təhlükəsizliyin qorunub saxlanmasıdır. Bu istiqamətdə çox güclü və davamlı işlər aparılır. Cənab Prezident İlham Əliyev dayanmadan çalışır. Cənab Prezident milli təhlükəsizliklə bağlı danışanda Qərbin necə siyasət yürütdüyünü qeyd edir. Hər kəs öz funksiyasını, missiyasını dərk etməlidir. Belə bir prosesdə məsuliyyətsiz olmağın yeri də yoxdur”.
 

Deputat qeyd edib ki, ABŞ həmişəki siyasətini yürüdür:
 

“1992-ci ildə bizə sanksiyalar tətbiq etməyə çalışdı, daha sonra Əfqanıstandakı hadisələrlə bağlı sanksiyalar götürüldü. Sonra isə yenidən bu niyyətə düşdü. İndi isə utanmadan, qızarmadan insan hüquqları, müharibə cinayətkarlarının azadlığa buraxılması, yaxud Azərbaycan-Ermənistan münaqişəsinin həll olunması məsələsi gündəmə gətirilir. Bizim üçün bu problem həll olunub. Bunlar hamısı onu göstərir ki, torpaqlarımızın işğal olunduğu 30 ildə haqqı tapdalanmış vətəndaşlarımızla bağlı Qərbdə danışan yoxdur. Heç kəs onların hüquqlarından danışmır. Şükürlər olsun ki, biz özümüz onların hüquqlarını bərpa edirik. Onlar üçün hər şərait yaradılır, torpaqlarına qayıdırlar”.
 

M.Vəliyeva bildirib ki, Qərbi Azərbaycanın iqtisadi inkişafı narahat edir:
 

“Azərbaycan sürətli inkişaf yolundadır. Ölkəmiz COP29 kimi böyük bir tədbir öncəsində dünyaya Qarabağ və Şərqi Zəngəzur timsalında yaşıl enerji zonası təqdim edir. Ölkəmiz dünyaya pandemiya dövründə bir cür, bu gün isə başqa cür nümunədir. Qoşulmama Hərəkatında az inkişaf etmiş ölkələrə dəstək olmaq üçün çalışan Azərbaycan burada da nümunə idi. Təbii ki, bunlar Qərbi narahat edəcək. Qərb çalışacaq ki, Azərbaycanı gücdən salsın. Belə bir şəraitdə hamımızın qarşısında duran vəzifə milli təhlükəsizliyin təmin olunmasıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI