Milli Məclisdə minatəmizləyənlərin güzəştli mənzil əldə etmək hüququna malik olan şəxslərin siyahısına əlavə edilməsi təklif edilib.
Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında deputat Səbinə Salmanova çıxış edib.
“Hesab edirəm ki, bu onların mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına böyük töhfə verə bilər. Bundan əlavə, iş şəraitini və risk dərəcəsini nəzərə alaraq minatəmizləyənlərə güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ verilsin. Təklif edirəm ki, bununla əlaqədar öz komitəmiz Əmək və sosial siyasət komitəsi ilə birgə bu məsələ ilə bağlı “Əmək pensiyaları haqqında” qanunun 9-cu maddəsinə (Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) dəyişiklik layihəsi hazırlasın”,- deyə o bildirib.