Modern.az

Qaydanı pozma, cərimə ödəmə! - Azay Quliyev narazılara SƏSLƏNDİ

Qaydanı pozma, cərimə ödəmə! - Azay Quliyev narazılara SƏSLƏNDİ

Parlament

18 Oktyabr 2024, 14:05

Milli Məclisin bugünkü plenar iclasında deputat Azay Quliyev gündəlikdəki “Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliyin edilməsi ilə bağlı” qanun layihəsi barədə çıxış edib.
 

Modern.az-ın məlumatına görə, A.Quliyev bildirib ki, COP-29 kimi mötəbər tədbirə ev sahibliyi etməyə hazırlaşan bir ölkə olaraq Azərbaycanın ətraf mühitin, yaşıllıqların və heyvanlar aləminin etibarlı şəkildə qorunması və bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə atdığı addımlar təqdir olunmalıdır.
 

“Hazırda müzakirə etdiyimiz Cinayət və İnzibati Xətalar  məcəllələrinə təklif olunan dəyişiklər bu baxımdan əhəmiyyətlidir.

Hər iki məcəlləyə təklif olunan dəyişiklərin əsas məqsədi ağacların, kolların və yaşıllıqların qanunsuz kəsilməsinin və məhv edilməsinin qarşısını daha effektiv şəkildə almaq üçün həm cinayət məsuliyyətini, həm də inzibati məsuliyyəti artırmaqdır.

Əgər təklif olunan dəyişiklər qəbul olunarsa, bu cür əmələ görə sanskiyalar sərtləşdirilir, cərimənin miqdarı 5-7 min manat deyil, cinayət nəticəsində vurulmuş ziyanın iki misli qədər, azadlıqdan məhrumetmə cəzası isə 2 ildən 3 ilə qədər artırılır.

Bu əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə, cərimənin həcmi 3 və ya 4 dəfə, azadlıqdam məhrumetmə cəzasının müddəti isə 6 ildən 8 ilə kimi artırılır.

Ədalətli olaraq layihədə o da qeyd olunur ki, təklif olunan dəyişiklik kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə, habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların kəsilməsinə şamil edilmir”, - deputat deyib.
 

A.Quluev təəssüflə qeyd edib ki, cəmiyyətdə  cərimələrin artırılmasını  bilərəkdən və ya bilməyərəkdən fərqli cür yozanlar da az deyil:
 

“Məişət tullantılarının, xüsusən də tütün məmulatlarının ətraf mühitə atılmasına görə cərimələrin artırılması ilə bağlı  ictimai müzakirələrdə yol verilən manipulyasiyalar ciddi təəssüf hissi doğurur.

Biri deyir ki, cərimələrin həcmi maaş və pensiyalara uyğun deyil, digəri isə deyir ki, cərimələr insanların cibinə görə deyil.  Bu məntiqi başa düşmək çox çətindir, dünyanın heç bir yerində çəkindirici xarakter daşıyan cərimələrin məbləği pensiya və maaşlara görə müəyyən edilmir.

Axı cərimə məcburi ödəniş və vergi deyil. Burada çox sadə bir prinsip var-  hər kəs qanuna əməl etsin, yəni, qaydanı pozma və cərimə ödəmə”.
 

Deputat bildirib ki, ətraf mühitə hörmətlə yanaşmaq, şəhərimizin təmizliyinin qayğısına qalmaq həm də bir mədəniyyətdir. Hər il yüz minlərlə turist ölkəmizə gəlir, əcnəbilər Bakını dünyanın  ən təmiz və ən gözəl şəhərlərdən biri kimi təsvir edəndə hamımız qürurlanırıq:
 

“Ona görə də yaxşı olardı ki, ictimai fəallar, media mənsubları və sosial şəbəkə iştirakçıları cərimələrlə bağlı edilən dəyişikliyin  fəlsəfəsini və ruhunu olduğu kimi izah etsinlər, eyni zamanda, ətraf mühitə və sağlamlığımıza zərər vuranların əməllərini  ictimai qınaq obyektinə çevirsinlər”.
 

Çıxışının sonunda Azay Quliyev bir məsələyə də toxunub:
 

“Yaxşı olardı ki, inzibati xətalara görə cərimə sanksiyalarının artırılması haqqında təkliflər hazırlayan müvafiq qurumlar mövcud vəziyyətin statistikası barədə Milli Məclisə arayış təqdim etsinlər. Belə bir arayışın  olması bizə imkan verər ki, cərimə sanksiyalarının artırılmasından  sonra baş verən dəyişiklərin dinamikasını aydın şəkildə görə bilək.

Misal üçün, Milli Məclis 2 il öncə sürət həddinin artırılmasına görə cərimələrin həcmini artırandan sonra 2023-cü ildə yol-nəqliyyat hadisəsi 2022-ci illə müqayisədə 2 faiz azalıb.

Yəni, bu özü-özlüyündə bir indikatordur.

Düşünürəm ki, bu cür məlumatlar həm də ictimai rəyin düzgün formalaşmasına da  əlavə töhvə vermiş olar”.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər