İlk növbədə onu qeyd etmək lazımdır ki, hər iki qanun layihəsində irəli sürülən təkliflər "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" cənab Prezidentin 3 aprel 2019-cu il tarixdə imzaladığı Fərmanın icrası baxımından xüsusi əhəmiyyət kəsb edir.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.
O qeyd edib ki, hər iki layihə ədalət mühakiməsinin institusional təminatı üçün yeni yanaşmalar təklif edir və ən vacibi isə təkliflərin məzmunu və mahiyyəti elə hazırlanıb ki, bunlar bir-birini tamamlayır:
"1-ci, vakant hakim vəzifələrinin qısa müddətdə komplektləşdirilməsi, hakimlərin seçim prosesinin sürətləndirilməsini və şəffaflaşdırılmasını nəzərdə tutur.
Əgər əvəllər hakimlər yalnız yazılı və şifahi imtahan əsasında seçilirdilərsə, yeni təklifə əsasən hakimlər test imtahanı, yazılı imtahan və müsahibə əsasında seçiləcəklər.
Bu cür yanaşma daha bacarıqlı və bilikli, hakimin yüksək adına hörmət gətirə biləcək şəxslərin hakim seçilməsi, digər tərəfdən mümkün subyektiv amillərin qarşısını alınması baxımından faydalı ola bilər.
2-ci, xüsusi əhəmiyyət kəsb edən yenilik hakimlərin qiymətləndirilməsi ilə bağlı yeni qaydaların tətbiqi ilə bağlıdır.
Layihəyə görə hakimlərin qiymətləndirilməsi birbaşa Məhkəmə Hüquq Şurası tərəfindən deyil, birinci, appelyasiya və ali məhkəmə hakimlərinin hər birindən 3 hakim olmaqla yaradılan Hakimlərin Qiymətləndirilməsi Komitəsi tərəfindən həyata keçiriləcək.
Məlum olduğu kimi, qüvvədə olan mətndə hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi qaydası 112-c i maddədə detallı şəkildə əks olunub, lakin yeni layihədə hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, o cümlədən intizam tədbirlərinin görülməsi Məhkəmə Hüquq Şurası tərəfindən müəyyən edilən metodologiya və qaydalar əsasında həyata keçiriləcəkdir.
Qiymətləndirmənin məhkəmənin və hakimin fəaliyyəti ilə bağlı mütəmadi olaraq aparılan monitorinqin nəticələri, bu barədə elektron qaydada sistemləşdirilən baza məlumatları və müəyyən edilmiş konkret meyarlar əsasında aparılması imkan verəcək ki, qiymətləndirmə daha obyektiv və ədalətli olsun, eyni zamanda intizam tədbirləri yol verilmiş nöqsana adekvat və proporsional şəkildə müəyyən edilsin.
Ən azı qanun layihəsinin mahiyyətindən belə bir qənaətə gəlmək mümkündür.
Digər tərəfdən, qiymətləndirmənin yalnız hakimlər tərəfindən aparılması, məsələyə aid müvafiq səsvermə zamanı Məhkəmə Hüquq Şurasının yalnız hakim üzvlərinin səsvermədə iştirak etməsi məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsinə də əlavə töhvə verəcək.
3-cü Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının yaradılması ilə bağlıdır. Bu da şəfaflığın təmin olunması və verilən şikayətlərin daha təkmil və operativ formada baxılması üçün yaxşı mexanizm rolunu oynaya bilər.
Göründüyü kimi, qanun layihəsində əks olunan müddəalar mütərəqqi xarakter daşıyır və bizim də gözləntimiz odur ki, bu dəyişiklər ölkəmizdə ədalət mühakiməsinin təntənəsinə xidmət etmiş olsun.
Ədalət mühakiməsindən söz düşmükşən, burada vəkillərlə bağlı bir məsələyə toxunmaq istərdim. Hazırda dövlət hesabına hüquqi yardımın hər saatına görə vəkilə cəmi 6 manat vəsiyyət ödənilir. Etiraf etmək lazımdır ki, bu vəsait keyfiyyətli hüquqi yardım üçün olduqca azdır.
Bu səbəbdən bir çox vəkillər dövlət hesabına hüquqi yardım göstərməkdə maraqlı olmurlar. Belə vəziyyət vəkillik institutnun inkişafına, xüsusilə regionlarda fəaliyyət göstərən vəkillərin sayının artmasına mənfi təsir göstərir.
Hətta, bu gün elə rayon var ki 1 nəfər vəkil, elə rayonda var ki, ümumiyytələ, vəkil fəaliyyət göstərmir.
Düşünürəm ki, bu məsələni gündəmə gətriməyə dəyər və yaxşı olar ki, aidiyyəti qurumlar vəkillik institutunun üzləşdiyi bu problemin həllinə diqqət ayırsın".