Modern.az

Avropaya dost mesajı olan “Şahdəniz”!

Avropaya dost mesajı olan “Şahdəniz”!

Parlament

19 Dekabr 2013, 11:19


Fuad Muradov

Milli Məclisin deputatı 

AvroNEST PA-nın  Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri

 

Azərbaycanın paytaxtı Bakı 20 il əvvəl olduğu kimi yenidən tarixi bir hadisəyə şahidlik etdi.  Heydər Əliyev Mərkəzində «Şahdəniz» layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişi imzalandı. Bu mühüm hadisədir və Azərbaycanın dünya miqyasında nufuzunun bariz göstəricisi sayıla bilər. "Şahdəniz-2"nin işlənməsindən hasil ediləcək ildə 16 mlrd. kubmetr qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibi ilə keçməklə İtaliyaya qədər 3 500 km-dən artıq boru kəmərləri vasitəsilə çatdırılacaq. İmzalanmış bu böyük layihə  regionun gələcəyi üçün çox böyük əhəmiyyət daşıyır. Saziş Azərbaycanı Avropa üçün mühüm enerji təchizatçısına çevirməklə bölgəni birbaşa Avropa bazarlarına çıxaracaq. Bu isə Azərbaycana ilk dəfə olaraq özünün  qaz ehtiyatlarını birbaşa dünya bazarına çıxış imkanı verəcək. Avropa 2019-cu ilin sonundan başlayaraq ildə 10 milyard kubmetr qaz alacaq.

Bu təkcə Azərbaycana yox, bu layihədə iştirak edən  2 qlobal layihəyə böyük dinamiklik gətirəcək. Belə ki, bu qərar  Türkiyə ərazisindən keçən Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verir.  TAP TANAP və Şahdəniz -2 layihələri ilə Azərbaycanın Avropanın qaz təhlükəsizliyi məsələsinə böyük töhfə verəcəyi şübhəsizdir. Bir çox Avropa ölkələrinin 2048-ci ilə qədər qaz təchizatı ilə bağlı heç bir problem olmayacaq. Bu, Avropanın rəqabətliliyinin artırılmasına mühüm rol oynayacaq “Cənub Dəhlizi” kəməri ilə  Xəzər qazını Avropaya daşınması deməkdir. 

 

Bu prosesdə mühüm bir amil diqqəti çəkir: Artıq Azərbaycan Avropa Birliyinə üzv ölkələrin təhlükəsizliyinin təminatçısı kimi nəzərə alınır. İmzalanmış yeni saziş “Əsrin müqaviləsi”ndən sonra özünün ictimai-siyasi və iqtisadi əhəmiyyətinə görə ən böyük müqavilədir. İllər öncə danışırdıq ki, Azərbyacanın bu coğrafi məkanda yerləşməsinin bir çox çətinlikləri var. Artıq bu çətinlikləri üstünlüyə çevirə bilmişik.   Bəzən belə böyük layihələrin ölkəmizə ediləcək  təzyiqlərə yol açacağı  barədə də fikirlər səslənir.  Qeyd edim ki, hazırda  bazarda neft-qaz təchizatı ilə məşğul olan bir neçə ölkə var. Təbii, istənilən enerji layihəsi hər zaman müzakirə olunan məsələdir. Amma fikrimcə, biz bu gün bazarda fəaliyyət göstərən iri neft -qaz şirkətləri ilə işimizi qarşlıqlı tərəfdaşlılıq əsasında qurmuşuq. Ona görə  rəqiblər tərəfindən ağıllı siyasət yürüdüləcəyi halda heç bir qarşıdurma olmayacaq. Amma bununla yanaşı Azərbaycanı daim təzyiq altında saxlamaq istəyən bəzi qüvvələr də mövcuddur.  “Şahdəniz-2” sazişinin imzalanması və  bunun həyata keçirilməsi istiqamətində aparılacaq işlər nəticəsində bu təzyiqlər də azalacaq.   Bu müqavilə bölgə üçün böyük dəyişiklilər vəd edən hadisədir. 2011-ci ilin yanvarında Prezident İlham Əliyevin Avropa İttifaqının prezidenti Barozzo ilə imzaladığı Birgə Bəyannaməyə əsaslanan bu mühüm addım  həmçinin enerji təchizatımızın şaxələndirilməsinə əla imkanlar yaradır.

Geopolitik güclərin maraq savaşında öz iradəsini ortaya qoyan Azərbaycan özünün dost mesajını Avropaya nümayiş etdirib. Azərbaycan prezidenti İlham Əliyevin prinsipial və qəti mövqeyi sayəsində ərsəyə gələn bu saziş  enerji təhlükəsizliyi baxımından Avropa üçün strateji əhəmiyyət daşıyan qapının açılmasıdır. Məhz bu  uğurlu enerji siyasəti Azərbaycanı dünya enerji bazarının mühüm iştirakçılarından  birinə çevirib. Bu bazarın “böyük güc”ləri bu reallığı qəbul etməli və Azərbaycana onun layiq olduğu münasibəti sərgiləməlidirlər.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...