Dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı reysilə uçan “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəza enişi edib. Nəticədə təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub.
İlkin məlumatlara görə, Qroznı səmasında Rusiyanın raket hücumuna məruz qalan və "Pantsir-S1” zenit-raket kompleksi tərəfindən ciddi zərbə alan təyyarə Aktauya istiqamətlənib. Ona Qroznıya yaxın aeroportlara eniş etməyə icazə verilməyib. Təyyarə Aktau aeroportuna 3 dəqiqəlik məsafə qalanda qəzaya uğrayıb. Hadisə zamanı həlak olanlardan 25-i Azərbaycan vətəndaşlarıdır.
Rusiyadan üzr istəyib, təzminat verməsi tələb olunur.
Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyası üzvü Azər Badamov bildirib ki, təyyarənin Rusiya tərəfindən vurulması təsdiqlənərsə, bu ölkə Azərbaycandan dövlət səviyyəsində üzr istəməli və bütün təzminatları ödəməlidir:
"Bakı-Qroznı təyyarə reysində baş vermiş qəza böyük faciədir. Qəza ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Onlardan biri də Rusiyanın Hərbi Hava Qüvvələri tərəfindən "Pantsir-S1” zenit-raket kompleksi ilə vurulması ilə bağlıdır. Hadisənin araşdırılması üçün komissiya yaradılıb. Əgər komissiyanın rəyində Rusiyanın vurulması ilə bağlı öz təsdiqini taparsa, təbii ki, Rusiya dövlət səviyyəsində Azərbaycandan üzr istəməli və bütün təzminatları ödəməlidir".
A.Badamov qeyd edib ki, hazırda istintaq davam etdiyindən və qəza ilə bağlı rəsmi rəy açıqlanmadığından bu məsələ ilə bağlı konkret fikir ifadə etmək çətindir:
"Amma Rosaviasiyanın açıqlamasına görə hadisənin araşıdırılması üçün bütün dəstək tədbirləri görülür. Yekun fikirləri komissiyanın araşdırılmasından sonra bildirmək olar. Əlbətdə böyük faciədir. Həlak olanlara Allah rəhmət eləsin, doğmalarına səbr və xəsarət alanlara şəfa diləyirəm".