Modern.az

Parlament jurnalistləri deputat Nazim Fərəcovu xarakterizə etdilər - “Necə işlədiyini tək özü bilir”

Parlament jurnalistləri deputat Nazim Fərəcovu xarakterizə etdilər - “Necə işlədiyini tək özü bilir”

18 Yanvar 2014, 10:02

Milli Məclisin plenar iclaslarında deputatlar müəyyən fikirlərlə çıxış edir, təkliflər irəli sürür, fikirlərini səsləndirirlər. Parlamentdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər?

Modern.az saytı parlament jurnalistləri arasında sorğu apararaq, bu dəfə Nazim Fərəcovu millət vəkili kimi necə xarakterizə etdiklərini öyrənib.

Arayış: Nazim Fərəcov 1960-cı ildə Laçın rayonunun Qazıdərə kəndində anadan olub. Orta təhsilini Laçın rayonunda alıb. 1978-ci ildə Azərbaycan xalq Təsərrüfatı (indiki İqtisadiyyat Universiteti) institutuna daxil olub. Oranı bitirdikdən sonra əmək fəaliyyətinə Sumqayıt şəhərində başlayıb. 1995-1996-cı illərdə Sumqayıt şəhər Ticarət İdarəsində baş direktor müavini, 1996-1998- ci illərdə Sumqayıt İctimai İaşə Trestinin direktoru vəzifəsində işləyib. 1998-2000 illərdə Sumqayıt Dövlət Əmlak Komitəsi Sumqayıt Bölgə Özəlləşdirmə idarəsində rəis müavini işləyib, eyni zamanda Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə mərkəzində baş direktor əvəzi, Əmək və Əhalinin Sosial Müdafiə nazirliyi, Bakı şəhər Əhalinin Sosial Müdafiə idarəsində rəis və Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində müdir vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdr. 2010-cu ildə keçirilən IV çağırış Milli Məclisinə 121 saylı laçın seçki dairəsindən millət vəkili seçilib. Parlamentin Aqrar siyasət komitəsinin daimi üzvüdür. Ailəlidir, iki övladı var.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy Nazim Fərəcovun nə parlament daxili, nə də parlament xarici fəaliyyətinin şahidi olduğunu bildirib.

“New Baku Post” qəzetinin əməkdaşı Fərəh Sabirqızı qeyd edib ki, Nazim Fərəcov haqqında az məlumatı olduğu deputatlardandır. “Parlamentdə aktiv fəaliyyətinin şahidi olmamışam, çıxış etdiyini də görməmişəm. Bildiyim qədər, mediadan uzaq gəzən millət vəkillərindəndir. Seçicilərlə işi ilə bağlı da bir söz deyə bilmərəm. Çox güman, həmkarlarım da elə bu fikirdə olacaq”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı bildirib ki, Nazim Fərəcov Laçın seçicilərini təmsil edir və seçicilərin problemləri ilə yaxından maraqlanır.

“Həftə içi” qəzetinin əməkdaşı Murad Əhməd də millət vəkilinin parlamentdə çıxış etməsinə rast gəlməyən jurnalistlərdəndir. “Mətbuatda da hər hansı məsələ ilə bağlı çıxışını oxumamışam. Passiv deputatdır”.

Publika.az saytının əməkdaşı Vasif Həsənli
isə həmkarlarından fərqli olaraq Nazim Fərəcovun fəaliyyətini normal qiymətləndirdiyini qeyd edib. “Doğrudur, Nazim Fərəcovun mətbuata o qədər də açıq olduğunu görməmişəm. Ən azı mediaya müsahibələrinin çox az olması bunu deməyə əsas verir. Amma adam var ki, az danışır, çox iş görür. Arzu edərdim ki, Nazim Fərəcov da bu cür şəxslərdən olsun!”.

“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Xaqani Səfəroğlu də Nazim Fərəcovun fəaliyyəti haqqında məlumatı olmayan jurnalistlərdəndir.

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə: “Nazim Fərəcov Milli Məclisin iclaslarında o qədər də fəallıq göstərməsə də bunu digər fəaliyyətləri ilə kompensasiya edir. Seçiciləri ilə ən yaxşı işləyən deputatlardan biridir. Nazim Fərəcov daim seçicilərinin yanındadır, tez-tez onlarla görüşlər keçirir, problemlərini dinləyir, lazımı qurumlara müraciətlər edir. Düzdür, digər deputatlardan fərqli olaraq bunu mətbuatda yaymır. Məncə seçiciləri ondan razıdırlar”.

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı qeyd edib ki, Nazim Fərəcovun adı Milli Məclisdə bir dəfə olsun eşidilməyib. “Yəni onun bu illər ərzində bir çıxışına rast gəlməmişəm. Seçicilərlə necə işləyir, bunu da bilmirəm. Amma bildiyim odur ki, Milli Məclisdə laçınlıları təmsil edir”.

“Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlu: “Nazim Fərəcov adlı deputatın olduğunu bilirəm. Amma ötən 4 il ərzində nə onun səsini eşitmişəm, nə də hər hansı bir fəaliyyətini görmüşəm... Seçiciləri ilə də necə işləyir, onu bir seçiciləri, bir də özü bilir”.

“Şərq” qəzetinin əməkdaşı Anar Bayramoğlu Nazim Fərəcov adının ona heç nə demədiyini bildirib. “Parlamentdə çıxışlarının şahidi olmamışam. Seçiciləri ilə necə işləyir deyə bilmərəm. Məlumatım yoxdur. Amma parlamentdəki fəaliyyətini görmədiyimdən, səsini belə, eşitmədiyimdən ona passiv deputat deyərdim”.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyevin fikrincə, Nazim Fərəcov passiv deputatlardandır. “Ən azından parlament iclaslarında hər hansı fəallığını xatırlamıram. Seçiciləri ilə işinin hansı səviyyədə olmasından xəbərsizəm”.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli də bildirib ki, deputat Nazim Fərəcovu fəal deputat kimi xarakterizə etmək mümkün deyil. “Çünki onun parlamentdə hansısa çıxışı yadda qalmayıb. Komitələrin və plenar iclasların gedişində nə qanunvericilik təşəbbüsü ilə çıxış edib, nə də cari məsələlərdə danışıb. Seçicilərin hüquqlarının müdafiəsi barədə isə məlumatsızam”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı isə deputat Nazim Fərəcovun yalnız adını eşitdiyini bildirib. “Deyəsən, Laçının deputatıdır, amma parlamentdəki fəaliyyətini, çıxışlarını görməmişəm, eşitməmişəm”.

“Novosti-Azerbaydjan” Beynəlxalq İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadlı isə  Nazim Fərəcovu ən passiv deputatlardan biri hesab edir. “O sessiyaların və komitə iclaslarında iştirak etsə də, işini ancaq əl qaldırıb, düymə basmaqla yekunlaşmış hesab edir. Seçiciləri ilə görüşü və yaxud onlarla hansı formada əlaqə saxlamasından isə xəbərsizəm”.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...