“Ötən həftə cənab Prezident Cənub Qaz Dəhlizi Məşvərət Şurasında çıxışı zamanı olduqca vacib məsələlərə toxundu. Xüsusən də Şərqi Zəngəzurun ölkəmiz üçün əhəmiyyətini vurğuladı. Şərqi Zəngəzurun bir çox aspektdən bizim üçün önəmi var. Birinci siyasi əhəmiyyəti ondadır ki, bu layihə Azərbaycanı Türkiyə ilə birləşdirəcək əsas yollardan biridir. Eyni zamanda, nəinki Azərbaycanı, həm də burada Orta Dəhliz və digər layihələr baxımından da Şərqi Zəngəzurun xüsusi əhəmiyyəti var”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib. Millət vəkili xatırladıb ki, bu gün qlobal güclər müxtəlif dəhlizlər üzərində düşünürlər.
“Şərqi Zəngəzur Asiya ilə Avropanın birləşməsinə öz töhfəsini verə bilər. O, xüsusilə, yüklərin sürətli daşınması, daha ucuz başa gəlməsi baxımından mühüm əhəmiyyət daşıyan bir layihədir.
Azərbaycan işğaldan azad etdiyi ərazilərdə “yaşıl enerji”yə də üstünlük verir. Gələcək plan işğaldan azad edilmiş ərazilərdə istehsal olunan “yaşıl enerji”nin xaricə ixrac olunmasıdır. Hətta enerjinin Türkiyə vasitəsilə Avropaya ixracı məsələsi də gündəmdədir.
“Yaşıl enerji” məsələsi cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın son illər həyata keçirdiyi önəmli layihələrdən biridir. Azərbaycan bu prosesdə mühim rol oynayır
Eyni zamanda, cənab Prezident çıxışında Qarabağda və Şərqi Zəngəzurda təxminən 30-a yaxın elektrik stansiyası üzərində işlərin yekunlaşdığından söhbət açdı. Bu ərazilərdə mərkəzləşdirilmiş enerji paylayıcıları mərkəzi yaradılıb və sistemləri qurulub. Bütün bunlar gələcəyə hesablanmış olduqca önəmli addımlardır.
Tədbirdə bir sıra memorandumlar imzalandı. Bu memorandumların tarixə hesablanmış dəyəri var. Bu gün Azərbaycanın çox qlobal layihələrə imza atdığını görürük”, - C.Məmmədov qeyd edib.
Deputat bildirib ki, Azərbaycanın çox zəngin, böyük günəş enerjisi, külək enerjisi potensialı var.
“Artıq bildiyimiz kimi, Qaradağda, Qarabağda və digər ərazilərdə bu istiqamətdə çox ciddi layihələr həyata keçirilir. Bu, həm də ekoloji baxımdan önəmlidir. Dünyamızda getdikcə daha çox elektrik enerjisinə tələbat olacaq. Azərbaycan dəniz vasitəsilə bu enerjinin ixracını planlaşdırır. Bu həm ekoloji, həm xərclər, həm də ölkəmizə əlavə vəsaitlərin cəlbi baxımından olduqca önəmli bir məsələdir. Bu gün biz neft-qaz ixracından vəsait qazanırıq. Gələcəkdə “yaşıl enerji” əsasında Azərbaycanın istehsal etdiyi elektrik enerjisini də biz artıq xaricə ixrac edəcəyik”.