Modern.az

Azərbaycanla Çinin etibarlı tərəfdaş olduğu təsdiqləndi - Fatma Yıldırım

Azərbaycanla Çinin etibarlı tərəfdaş olduğu təsdiqləndi - Fatma Yıldırım

23 Aprel 2025, 15:50

“Pekin şəhərində baş tutan yüksək səviyyəli görüşlər və imzalanan sənədlər bir daha göstərdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və düşünülmüş xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunu yeni mərhələyə daşıyır”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Azərbaycan ilə Çin Xalq Respublikası arasında 21 mühüm sənədin imzalanması, viza rejiminin ləğvi, kosmik sahədə əməkdaşlığın başlanması və strateji tərəfdaşlıq əlaqələrinin rəsmiləşdirilməsi ölkəmizin qlobal miqyasda etibarlı tərəfdaş kimi tanındığını təsdiqləyir. 

Millət vəkili xüsusi qeyd edib ki, Dövlət Neft Fondu ilə Çin İnvestisiya Korporasiyası arasında əldə olunan razılaşmalar və multimodal daşımalar üzrə saziş Azərbaycanın nəqliyyat-logistika və enerji sektorunda mühüm bir qovşaq olduğunu bir daha ortaya qoyur.

"Bu həm iqtisadi inkişafımız, həm də regionda artan geosiyasi çəkimiz baxımından əhəmiyyətlidir. Çinin Azərbaycanın ŞƏT-də statusunun artırılmasına və ÜTT-yə üzvlüyünə dəstək verməsi, habelə ölkəmizin irəli sürdüyü sülh təşəbbüslərinə qətiyyətli dəstəyi, regional sabitliyin və ədalətin tərəfdarı olan Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin təsdiqidir".

“Ən əsası isə bu tarixi görüşdə Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədrini Azərbaycana rəsmi səfərə dəvət etməsi, qarşılıqlı hörmət və strateji baxışın bariz nümunəsidir. İnanırıq ki, bu səfər də tezliklə reallaşacaq və əməkdaşlığımız daha da dərinləşəcək. Azərbaycanın milli maraqlarını qoruyan, dünyada söz sahibi olan bir dövlətə çevrilməsi yolunda bu kimi uğurlar hər bir vətəndaşımız üçün fəxr mənbəyidir. Biz, millət vəkilləri olaraq, bu strateji xəttə tam dəstək verir, cənab Prezidentin apardığı uğurlu siyasəti yüksək qiymətləndiririk”,-deyə deputat vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi