Fevralın 10-da Milli Məclisin deputatı Yaqub Mahmudovun 75 yaşı tamam olur. Bu münasibətlə deputatın üzvü olduğu Sosial Siyasət Komitəsi ona təbrik məktubu göndərib. Məktubda deyilir.
Hörmətli, Yaqub müəllim!
Sizi, Azərbaycanın tanınmış alimi, ictimai siyasi xadimini, millət vəkilini və komissiyamızın çox hörmətli üzvünü 75 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirik!
Hörmətli, Yaqub müəllim!
Siz Şəki şəhərinin Baş Göynük kəndində anadan olmusunuz. Bu günkü yubileydən ötən illərə, geriyə baxarkən bir daha aydın olur ki, şərəfli və nümunəvi həyat yolu keçmisiniz.
Bakı Dövlət Universitetinin tarix fakültəsinin məzunu kimi orta məktəb müəllimliyindən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Tarix İnstitutunun direktoru vəzifəsinədək yüksəlmisiniz.
Bu dövrdə Azərbaycan Sovet Ensiklopediyasının redaksiyasında məsul vəzifələrdə çalışmış, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Bakı Dövlət Universitetində gərgin elmi-pedaqoji iş aparmış, BDU-nun tarix fakültəsinin dekanı kimi gənc tarixçilər nəslinin yetişdirilməsində fəal iştirak etmisiniz.
Sizin tarixi əsərləriniz elmi ictimaiyyət və geniş oxucu kütləsi tərəfindən həmişə rəğbətlə qarşılanmışdır. Azərbaycanın tarixinə dair radio və televiziya kanallarındakı çıxışlarınız, publisist yazılarınız ölkəmizdə tarixi təfəkkürün formalaşmasında böyük rol oynamışdır. Azərbaycan tarix elmini dünyanın müxtəlif ölkələrində keçirilən konfrans və simpoziumlarda layiqincə təmsil etmisiniz. Azərbaycan tarixinin bütün saxtalaşdırıcılarına, o cümlədən, erməni riykarlarına qarşı mübarizədə siz hər zaman ön cəbhədə mübariz və fədakar döyüşçü olmusunuz.
Hörmətli, Yaqub müəllim!
Siz böyük elmi-pedaqoji fəaliyyətlə yanaşı ictimai-siyasi xadim kimi də məşhursunuz. Artıq üçüncü çağırışdır ki, Milli Məclisin deputatı seçilirsiniz. Milli Məclisdəki fəaliyyətiniz təqdirəlayiqdir. Sizin xalqın bütün təbəqələrinin mənafeləri baxımından prinsipial və kəskin çıxışlarınız seçiciləriniz və əhali tərəfindən çox yüksək dəyərləndirilir.
Əziz, Yaqub müəllim!
Siz gözəl insan, təmənnasız dost, tələbkar müəllim, sevimli valideynsiniz.
Komissiya üzvlərimiz Sizi ağsaqqal kimi qəbul edir, məsləhət yeri bilirlər.
Həmişə sağlam olun.
Qoy səsiniz daim yüksək tribunalardan, ali məclislərdən daha gurultulu və daha inamlı gəlsin.
Sizi 75 illik yubileyiniz münasibəti ilə bir daha ürəkdən təbrik edir, yaşınızın bu müdrik çağında Sizə uzun ömür, möhkəm can sağlığı, ailə səadəti, çoxşaxəli fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik!
Milli Məclisin Sosial siyasət komitəsi üzvləri adından komitənin sədri Hadi Rəcəbli
Yaqub Mahmudov 1939-cu ilin fevralın 10-da Şəkinin Baş Göynük kəndində anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib.
1956-cı ildən Balakən rayonunun Sarıbulaq kənd orta məktəbində müəllim işləyib. 1966-cı ildən Azərbaycan Sovet Ensiklopediyası redaksiyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, baş redaktorun elmi işlər üzrə müavini, 1974-cü ildənAzərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, dosent, 1981-ci ildən Azərbaycan Dövlət Universitetində dosent, kafedra müdiri, tarix fakültəsi dekanının müavini, 1992-ci ildən Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini, "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışıb.
1986-2004-cü illərdə Bakı Dövlət Universiteti tarix fakültəsinin dekanı olub. 2004-cü ildən AMEA-nın Tarix İnstitutunun direktorudur. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
2000-ci ildən bu yana deputatdır.
2012-ci il 25 mayda Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona Dövlət mükafatı verilmişdir.
700-dən çox elmi əsərin və elmi-publisistik məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
Evlidir, 3 övladı var.