Modern.az

Suriyada döyüşən azərbaycanlıların bölgəsindən olan deputatlar: “Məsələni regionlara görə bölmək lazım deyil”

Suriyada döyüşən azərbaycanlıların bölgəsindən olan deputatlar: “Məsələni regionlara görə bölmək lazım deyil”

7 Fevral 2014, 16:52

Suriyada azərbaycanlıların Bəşər Əsəd qüvvələrinə qarşı silahlı dəstənin tərkibində döyüşməsi ilə bağlı informasiyalar tez-tez xəbər lentlərində görünür. Saytlarda hər gün “Suriyada daha bir azərbaycanlı öldürüldü...” başlığı altında verilən xəbərlərin mahiyyətinə vardıqca Azərbaycan üçün də ciddi təhlükə yarandığı ehtimalı ön plana çıxır. Ən maraqlısı isə odur ki, ölənlərin çoxu Sumqayıt şəhəri, habelə Balakən, Zaqatala, Quba, Qusar bölgələrindəndir.

Modern.az saytı sözügedən bölgələrin deputatlarından  məsələyə münasibət öyrənib.

“Beynəlxalq konvensiya da muzdluluğu hüquq pozuntusu sayır”

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, 109 saylı Balakən seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Rəbiyyət Aslanova bildirib ki, problemin böyük ağırlıq yükünü regionların üzərinə atmaq düzgün deyil.
“Bu gün məsələni regionlara görə bölmək lazım deyil. Bu gün Azərbaycan gəncinin Suriyaya getməsi ictimaiyyəti narahat edirsə, fikrimizi regionlar üzərində cəmləşdirməməliyik. Əgər problem varsa, ümumi olaraq bunun haqqında düşünmək lazımdır”.

Millət vəkili diqqəti muzdlu döyüşçülərlə bağlı nəzərdə tutulan beynəlxalq konvensiyaya çəkib. Onun sözlərinə görə, 1989-cu il dekabrın 4-də BMT muzdlulardan istifadə edilməsi, maliyyələşdirilməsi və təliminə qarşı mübarizə Konvensiyası qəbul etsə də, sözügedən hüquqi sənəd yalnız 12 ildən sonra qüvvəyə minib.  
“2006-cı ildə isə BMT-yə üzv olan 200-dən artıq dövlətdən yalnız 24-ü bu sənədi imzalayıb. Amma Azərbaycan 30 sentyabr 1997-ci ildə Konvensiyaya qoşulub, 1999-cu ildə isə sözügedən məsələ Cinayət Məcəlləsində əksini tapıb. Həm muzdlu kimi döyüşə gedənlər, həm də onları bu işə sövq edənləri 4 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Muzdlu şəkildə başqa ölkələrdə döyüşən vətəndaşların gələcək aqibəti nə olacağı ilə bağlı ictimaiyyətə məlumat vermək lazımdır. Suriyaya gedərək döyüşənlər bilməlidir ki, onlar həm milli qanunvericiliyi, həm də beynəlxalq konvensiyanın müddəalarını pozurlar. Muzdlular getdiyi ölkələrdə konflikt tərəflərinin heç birinin hərbi hissəsində qeydiyyatdan keçmir. Onların bütün fəaliyyəti dağıdıcılığa yönəlib. Muzdluluğun qarşısının alınması üçün bütün dövlətlərin əməkdaşlığı lazımdır. Muzdlu bir dövlətdən başqa bir ölkəyə keçirsə və üçüncü bir dövlət də onlara himayədarlıq edirsə, bununla əlaqədar BMT Baş Assambleyasına məlumat göndərilir”, – deyə R.Aslanova söyləyib.

“Şəxsən özüm məsələni araşdırmamışam”

111 saylı Zaqatala-Balakən seçki dairəsinin deputatı Kamilə Əliyeva təmsil etdiyi bölgədə hər hansı radikal dini təhlükənin olmadığı qənaətindədir. “Həmin radikal qruplara hər yerdə təsadüf olunur. Eləcə də Zaqatala və Balakən zonası da Dağıstanla sərhəd olduğundan radikal düşüncəli adamlar orda da var. Amma o bölgədə ciddi təhlükə yoxdur. Mən mətbuat, televiziya vasitəsilə müşahidə etmişəm ki, bir ailənin övladı Suriyaya döyüşə gedib. Lakin elə bir araşdırma aparmamışam. Çünki hər hansı bir təxribat planları haqqında məlumat yoxdur. Mən həmin bölgələrdə radikal dini ədəbiyyatların yayılmasına da təsadüf etməmişəm”.

“Qubada heç bir problem yoxdur”

Qubadan olan deputat Vahid Əhmədov da vurğulayıb ki, təmsil etdiyi bölgədə dini ekstremizm təhlükəsi yoxdur. “Qubada tam olaraq tolerantlıq var. Dinlə məşğul olan, ibadət edən insanlar var. Bütün axundların hamısı ilə yaxın münasibətlərim var. Bizim zonada heç bir ciddi problem yoxdur”.

“İnternetlə bağlı tədbirlər görülməlidir”

Sumqayıtın deputatı Leyla Abdullayevanın cavabı belə olub: “Sülh və əmin-amanlıq dini olan İslam dünyasında Azərbaycan Respublikası bir sabitlik adasını xatırlatmaqdadır. Təəssüf ki, bu gün müsəlman ölkələrinin əksəriyyəti müxtəlif  konfliktlərə cəlb olunub. Müxtəlif səbəblərdən bu ölkələr problemlər məngənəsindədir. Yalnız ölkəmiz Azərbaycan bu kimi meyllərdən ölkədə aparılan doğru din-dövlət siyasətinin nəticəsində kənarda qalıb. Ölkəmizdə hər bir dinin nümayəndəsi öz dini mərasimlərini sərbəst şəkildə yerinə yetirir. Bu gün Azərbaycanda məscid, kilsə, sinaqoqlar bir-birinin yanında sərbəst şəkildə ucalmaqdadır. Bu tolerantlıq və dini dözümlülük mühiti dünyanın bütün ölkələri üçün əsl etalon və nümunə olmalıdır. Təəssüf ki, bir sıra güclər dinin təsir qüvvəsindən, onun ideoloji təsirindən istifadə edərək müxtəlif maraqlarını təmin etməyə çalışırlar. Eyni zamanda bu gün cənab prezidentin də çıxışlarında qeyd etdiyi kimi bəzi qüvvələr islamafobiya xəstəliyinə tutulub. Bu gün dünyanın ən qaynar nöqtələrinə baxsaq orada dini faktorun bir silah kimi istifadə edilməsinin şahidi olarıq. Bu gün ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədədir. Eyni zamanda qeyd etmək lazımdır ki, bəzi radikal qüvvələr hələ də din amilindən istifadə edərək Azərbaycanda öz maraqlarını təmin etməyə çalışırlar. Biz bu gün bizimlə həmsərhəd olan Şimali Qafqazda bu kimi meyllərin olduğunun şahidi oluruq. Onlar xüsusən gənc və yeniyetmələrə xitab edir, onları təsir altına salmağa çalışırlar. Bu baxımdan hesab edirəm ki, bəzi yeni radikal cərəyanlara qarşı biz ənənəvi islamı həmişə dəstəkləməliyik. Məhz ənənəvi məzhəblərə əsaslanan din xadimlərimizin yetişdirilməsi çox mühümdür. Burada isə Bakı İslam Universitetinin, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin əhəmiyyəti bir daha nəzərə çarpır. Dünyagörüşlü, savadlı, dövlətə, dövlətçiliyə bağlı olan Azərbaycanda təhsil alan ilahiyyatçılarımız və din xadimlərimiz nə qədər çox olarsa, ölkəmiz bir o qədər radikal dini təmayüllərin təsirindən azad olar.
Lakin biz internetin rolunu unutmamalıyıq. Biz nə qədər kitabların, elektron daşıyıcıların, disklərin qarşısını alsaq da, internetdən çox rahat radikal yönümlü ədəbiyyat və materiallar ötürülə bilir. Əcnəbi ölkədə oturub Azərbaycan dilində yayım edən şəxslər bu gün internetdə öz audio və video mühazirələrini yerləşdirir, təbliğatlarını qururlar. Bu gün həmin qüvvələr informasiya texnologiyalarından, internetdən ən yüksək səviyyədə istifadə edirlər. Bununla bağlı da müəyyən tədbirlərin görülməsi nəzərdə tutula bilər. Mən müvafiq qurumlara internet vasitəsilə ötürülmələrin qarşısının alınması üçün mexanizmlərin işlənməsi variantının nəzərdən keçirilməsini təklif edirəm”.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...