“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Macarıstana işgüzar səfəri iki ölkə arasındakı əlaqələrin inkişafında xüsusi əhəmiyyətə malikdir. Ölkə liderlərinin dostluq münasibətləri də əlaqələrimizin daha da güclənməsində ciddi rol oynayır. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Macarıstanın Baş naziri Viktor Orbanın mətbuata verdiyi birgə bəyanatda da münasibətlərin yüksələn xətlə inkişafından bəhs olunub. Qeyd olunub ki, 2023-cü ildə Macarıstanla imzalanmış “Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” bu münasibətlərin hüquqi bazasını daha da möhkəmləndirib. Azərbaycan və Macarıstan iqtisadiyyat, mədəniyyət, elm və turizm sahələrində uğurlu əməkdaşlıq modeli ortaya qoyubdur. Azərbaycana sərmayə yatıran macar şirkətlərin sayı getdikcə artmaqdadır. Birbaşa aviareyslər turizm əlaqələrinin genişlənməsinə və işgüzar səfərlərin təşviqinə töhfə verir”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.
Onun sözlərinə görə, Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü Macarıstanın təkcə Azərbaycanla deyil, bütün türk dövlətləri ilə əlaqələrinin güclənməsinə müsbət töhfə verəcəkdir: “Macarıstan Avropa ilə türk dünyası arasında körpü qurmağa çalışır. Tarixi köklərimiz və ortaq irsimiz Macarıstanla təbii tərəfdaşlığımızı şərtləndirir. Macarıstan xarici siyasətində olduqca cəsarətli dəyişiklik edərək “Şərqə Açılış” doktrinasını həyata keçirmək qərarına gələndə, ilk olaraq türkdilli dövlətlərlə diplomatik əlaqələrini gücləndirdi. Bu gün Azərbaycan və Macarıstan arasında iqtisadi-ticarət əlaqələri genişlənməkdədir. Enerji sektoru bu əməkdaşlığın əsas sütunudur. Macarıstan Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracını dəstəkləyən ölkələrdəndir. 2023-cü ildə Azərbaycan qazının Macarıstana ixracına dair razılaşmalar imzalandı. Bu əməkdaşlıq enerji təhlükəsizliyi sahəsində mühüm addım oldu. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları ilə yanaşı növbəti ildə bu istiqamətində kontraktın imzalanacağı nəzərdə tutulur. Bununla da Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Bu uğurlu enerji əməkdaşlığın nəticəsi olaraq ötən ildən etibarən Macarıstana təbii qazın ixracına başlanılıb. Bununla belə ölkəmizin başçısının da qeyd etdiyi kimi Azərbaycan Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilər. Bu gün Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edirik ki, onlardan 10-u Avropa ölkəsi, 8-i isə Avropa İttifaqının üzvüdür. Məhz Avropa Komissiyası tərəfindən Azərbaycanın Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi dəyərləndirlməsi heç də təsadüfi deyil. Ənənəvi enerji resursları ilə yanaşı Azərbaycanla Macarıstan arasında yaşıl enerji üzrə fəal işlər həyata keçirilir. Ölkələrimizin eyni zamanda kənd təsərrüfatı, tikinti, informasiya texnologiyaları və nəqliyyat sahələrində də geniş əməkdaşlıq imkanları mövcuddur. Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyası bu istiqamətdə mühüm koordinasiya rolunu oynayır. Azərbaycanın mühüm rol oynadığı Orta Dəhliz platforması ölkə iqtisadiyyatının gücləndirilməsi və şaxələndirilməsi üçün yeni imkanlar yaradır. Qara dənizin altından keçəcək yeni enerji kabeli layihəsi həm Macarıstanın enerji idxalına töhfə verəcək, həm də Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə səbəb olacaqdır”.
Millət vəkili qeyd etdi ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər qarşılıqlı hörmət, əməkdaşlıq və strateji maraqlar əsasında inkişaf edir: “Bu əlaqələr Avropa və Avrasiya regionunda sabitlik və tərəqqinin güclənməsinə töhfə verir. Azərbaycan Türk Dövlətləri Təşkilatının üzv ölkələrinə ümumilikdə 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Türkiyәnin vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil edib. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılıb. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq. Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir. Bütün bunlar onu göstərir ki, Azərbaycan türk dövlətləri ilə Avropa arasında iqtisadi əlaqələrin güclənməsində maraqlıdır və bu istiqamətdə mühüm işlər həyata keçirir. Macarıstan dövlətinin də həyata keçirilən layihələrə verdiyi dəstək bizi ümumi məqsədlərimizə daha tez çatdırır”.