“Naxçıvanda məmərların çoxluğu Muxtar Respublikanın məmurlar ölkəsi kimi tanınmasına səbəb olmuşdu”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisdə “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsinin müzakirəsi zamanı Qüdrət Həsənquliyev deyib.
O qeyd edib ki, Naxçıvanda bürokratik aparat maksimum kiçildilməlidir.
“Geniş ictimaiyyətdə müzakirə olunsun ki, Naxçıvanda muxtariyyət qalmalıdır ya yox. Naxçıvan balaca ərazidir. Artıq Zəngəzur dəhlizi də açılır. Bu baxımdan orada muxtariyyətin ləğvi haqqında danışmaq lazımdır”.
Elman Nəsirov isə deyib ki, bizim müzakirəmiz muxtariyyərlə bağlı deyil: “Prinsip etibarilə bu qanun Azərbaycanın unitar dövlət olması prinsipini daha da doğrultmağa xidmət edəcək”.
Deputat Hikmət Babaoğlu qeyd edib ki, qəbul edəcəyimiz dəyişikliklər Azərbaycan unitar-demokratik Respublikadır sözündə unitar sözünün reallaşması deməkdir.
O bildirib ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası yaradılarkən bir çox beynəlxalq müqavilələrlə istinad edilib:
"Burada heç şübhəsiz ki, xarici ölkələrin təsiri var idi. Dövlətimizin güclənməsi, inkişafının, qüdrətinin güclənməsinin nişanəsidir. Təbii inzibati idarəçiliyin də dəyişməsi önəmli addımdır. Qarabağ işğaldan azad ediləndən sonra yeni idarəetmə forması ilk burada tətbiq olundu və özünü doğruldaraq digər ərazilərdə də onun tətbiqi artıq reallaşır".
Aydın Mirzəzadənin sözlərinə görə, konstitusiyaya dəyişikliklərlə Naxçıvanın Muxtar Respublika statusu onun əlindən alınmır”.
“Konstitusiyada dəyişiklikdə Naxçıvanın həm muxtariyyəti, həm də respublika statusu qalacaq. Çünki bu ərazi dövlətin digər ərazilərindən ayrıdır. Bununla belə regional parlament saxlanılır, oradakı digər orqanların da idarəetməsi saxlanılır. Naxçıvan iniyədək Prezidentin həmişə diqqətində olub ”.