Tarix böyu türk dövlətləri bir olanda güclü olub, imperiya qurub, dünyanın ən güclü ordularını məğlub edib. Bu gün biz yenidən bu birliyə və onun yaratdığı xarüqələrə, möcüzələrə şahidlik edirik. 2023-cü il fevralın 6-da qardaş Türkiyənin ərazisində baş vermiş dəhşətli zəlzələnin dağıdıcı nəticələrinin cəmi iki il ərzində aradan qaldırılmasını türk birliyinin təbii fəlakət üzərində parlaq qələbəsi adlandırmaq olar. Bu uğurlu nəticələrdə Azərbaycanın da payı var. Zəlzələnin ilk anlarından etibarən Azərbaycanın Türkiyəyə yardım göstərməsi, Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin salınması buna nümunədir. Bu məhəllə qardaşlığımızın, ortaq tariximizin möhtəşəm simvoludur. Ulu Öndər Heydər Əliyevə məxsus “Bir millət, iki dövlət” şüarı bu gün Türkiyə-Azərbaycan münasibətlərinin özülünü təşkil edir. Həm sevincli, həm kədərli günlərdə xalqlarımız, dövlətlərimiz bir yerdədir. Ölkələrimizin liderləri bu birliyi daha da gücləndirir və inkişaf etdirir.
Bunu Modern.az-a Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.
Onun sözlərinə görə, iyunun 19-da dünya növbəti dəfə Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin sarsılmazlığına şahidlik etdi: “Azərbaycanın yardımı ilə Kahramanmaraş şəhərində inşa olunan məhəllənin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdilər. Çıxışında Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Türkiyədə 2023-cü il fevralın 6-da baş vermiş dəhşətli zəlzələ nəticəsində yaşanan faciəni Azərbaycan xalqı öz faciəsi kimi qəbul etdi. Azərbaycan dərhal mindən çox heyəti, o cümlədən axtarış-xilasetmə üzvlərini, könüllüləri, həkimləri Türkiyənin zəlzələ bölgələrinə göndərib. Azərbaycan heyətləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarılıb, qurulan iki səhra hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi yardım göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qeyd etdiyi kimi, biz eyni bayrağın kölgəsində dua edən, eyni səccadədə göz yaşı tökən, eyni istiqlal üçün qurban verən bir millətin, iki dövlətin tək ürək daşıyan övladlarıyıq. Yayılan görüntülərdən də aydın olur ki, Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi bütün Türkiyədə ən mötəbər layihələrindən biridir. Ərazisi 27,6 hektar olan məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılacaq. Burada 2024-cü il sentyabrın 11-də Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının açılışları olub. “Azərbaycan” məhəlləsinin Baş planı üzrə 7, 8, 11 və 12-ci kvartalların tikintisi artıq tamamlanıb. 4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib”.
T.Mirkişili qeyd etdi ki, təbii fəlakət zamanı Heydər Əliyev Fondunun təşəbbüskarlığı, təşkilatçılığı ilə də Türkiyəyə yardımlar həyata keçirildi. Türkiyənin Azərbaycandakı səfirliyinin vətəndaşlarımıza müraciətinə cavab olaraq Bakıda yardım kampaniyası başladı. Əhali könüllü şəkildə, imkanları çərçivəsində mümkün olanı etdilər. Bu gün Kahramanmaraşda Azərbaycan və Türkiyə bayraqları qoşa dalğalanır. Ortaq tarixə və milli-mənəvi dəyərlərə söykənən səmimi birliyimiz çirkin niyyətli qüvvələrə sarsıdıcı cavabdır. Azərbaycan Prezidenti və xalqımız bir daha sübut etdi ki, hətta ən dəhşətli təbii fəlakət üzərindən məkrli plan quranların və bu oyunda iştirak edənlərin səyləri əbəsdir. Həm xaricdəki, həm də daxildəki bədxahlarımıza bir daha kəsərli ibrət dərsi vermiş olduq. Azərbaycan-Türkiyə münasibətləri heç zaman indiki qədər isti və güclü olmayıb. Münasibətlərimizin bu həddə çatmasında Lider faktoru önəmli rol oynayır. Müstəqil və qətiyyətli siyasət, ortaq tarixə və milli-mənəvi dəyərlərə bağlılıq bütövlükdə Türk dünyasını gücləndirəcək. Türk dövlətlərinin birliyi təkcə Avrasiya məkanında deyil, daha geniş coğrafiyada sülhə, təhlükəsizliyə və qarşılıqlı faydalı əməkdaşlığa töhfə verəcəkdir”.