“Quru sərhədlərimizin bağlı qalması strateji qərardır və dövlətimizin strateji maraqlarımızı təmin etmək məqsədi daşıyır”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Rizvan Nəbiyev bildirib.
Deputat Azərbaycanın dövlət sərhədlərinin bağlı olmasının bir neçə mühüm səbəbi olduğunu qeyd edib:
“İlk növbədə, ölkənin geosiyasi vəziyyəti, regional təhlükəsizliyin üzləşdiyi çağırışlar, ölkədaxili siyasi sabitliyin dayanıqlı təmini və təhlükəsizliyin daha da gücləndirilməsi bu qərarın verilməsində əsas rol oynayır. Ermənistanın işğalına son qoyulsa da, sərhədlərin delimitasiya və demarkasiyası üzrə dövlət komissiyası fəaliyyətdə olsa da, şərti sərhəddə gərginlik tam aradan qalxmayıb. Nəzərə almaq lazımdır ki, Ermənistanın təcavüzünə görə təxminən 700 km sərhədimiz bu dövlətlə, 132 km-lik dövlət sərhədimiz isə cənubda İranla 30 il ərzində işğal altında olmuşdur. İşğala və onun nəticələrinə görə Azərbaycanın dövlət orqanları bu ərazilərdə öz yurisdiksiyasını icra edə bilməmişlər. Həmçinin, qaçaqmalçılıq, narkotik ticarəti, qeyri-qanuni miqrasiya, kütləvi qaçqın axını təhlükəsi kimi faktorlar da sərhədlərin bağlı saxlanmasını zəruri edən şərtlərdəndir.
Quru sərhədlərinin bu gündə bağlı saxlanması Azərbaycanın milli təhlükəsizliyinin gücləndirilməsi, xarici təhdidlərdən müdafiə olunması və ölkədə sabitlik mühitinin dayanıqlı müöhkəmləndirilməsi üçün strateji əhəmiyyət daşıyır. Pandemiyanın xaricində – bu qərarın əsas motivi "milli təhlükəsizliyin və sabitliyin tam təmini" olmuşdur”.
Regional münaqişələr və sərhədlərin qapalı qalmasının strateji əhəmiyyətindən danışan deputat vurğulayıb ki, sabitlik olmasa, nə əhalinin rifahı, nə dəki dövlətin və cəmiyyətin inkişafı təmin oluna bilər:
"Xaos olan yerdə xarici sərmayələr yatırılmır, straeji əhəmiyyətli layihələr həmin məkanlarda həyata keçirilmir. Sabitlik olmayan ölkə beynəlxalq müstəvidə ciddi aktor kimi qəbul olunmur. Azərbaycanın sərhədləri coğrafi relyefindən asılı olmayaraq, peşəkarlıqla qorunur, dövlətimizin sərhəd təhlükəsizliyi və suverenliyinin toxunulmazlığı yüksək səviyyədə təmin olunur. Nəticə etibarilə, Azərbaycanın dövlət sərhədlərinin bağlı qalması bir çox daxili və xarici faktorların təsiri ilə müəyyən olunmuş strateji qərardır. Azərbaycan Prezidenti İlham Əliyevin VII çağırış Milli Məclisin 23 sentyabr 2024-cü tarixli ilk iclasında çıxışı bunu birddaha təsdiqləyir. “Quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün – sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır.”