“İstilik təchizatı haqqında" qanun layihəsi üçüncü oxunuşdan sonra qəbul edilib.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatların müzakirəsinə təqdim edilib.
Məlumat verilib ki, qanun layihəsi qəbula hazırdır və heç bir dəyişiklik olmayıb.
Bu Qanun Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq istilik enerjisinin istehsalı, paylanması (o cümlədən ötürülməsi), satışı və istehlakı ilə bağlı istilik təchizatı subyektləri, istehlakçılar və istilik təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyir, istilik təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
Qanun istilik və isti su təchizatı məqsədilə istilik enerjisinin istehsalı, paylanması və satışı funksiyasını həyata keçirən istilik təchizatı subyektlərinə, istehlakçılara, dövlət orqanlarına (qurumlarına), o cümlədən tənzimləyiciyə şamil olunur. İstehlakçının (layihələndirmə zamanı fərdi istilik sistemlərinin quraşdırılması nəzərdə tutulan çoxmənzilli yaşayış binalarının mənzillərində, yaşayış evlərində, qeyri-yaşayış təyinatlı tikinti obyektlərində) istilik enerjisinə tələbatın qarşılanması üçün fərdi istilik sistemləri quraşdırması və onun istismarı ilə əlaqədar münasibətlər digər normativ hüquqi aktlarla tənzimlənir.
Yeni qanunun qəbulu ilə istilik təchizatı sektorundakı fəaliyyət növlərini (istilik enerjisinin istehsalı, istilik enerjisinin paylanması, istilik enerjisinin satışı) həyata keçirən subyektlərin formalaşması nəzərdə tutulur. İstilik təchizatı sektorunun subyektlərinin (istehsalçı, paylayıcı, satıcı) digər fəaliyyətlə (fəaliyyətlərlə) məşğul olmasına hər hansı məhdudiyyət tətbiq edilmir.
İstilik təchizatının etibarlılığı və təhlükəsizliyi, idarəetmə və tənzimləmənin effektivliyi və şəffaflığı, istilik təchizatı subyektlərinin şəbəkədən, o cümlədən təbii inhisar subyektinə məxsus şəbəkədən bərabər və ayrı-seçkiliyə yol verilmədən istifadə imkanının yaradılması, qabaqcıl texnologiyalar və mütərəqqi təcrübə əsasında dayanıqlı inkişafının təmin edilməsi qanunla müəyyən edilən istilik təchizatı sektorunda dövlət siyasətinin əsas prinsipləri hesab olunur.