Bir həftə sonra Azərbaycanda sosial müavinətlər və təqaüdlər artırılacaq. Sonuncu artımlar 1,1 milyon vətəndaşlarımızı əhatə edəcək və bu Azərbaycanda sosial təminat sisteminin daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən işlərin tərkib hissəsidir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev tərəfindən imzalanan sənədlər ölkədə əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha təsdiq edir.
“3 milyon vətəndaşımızı əhatə edən yeni sosial paket 1,1 milyon vətəndaşımızın pensiyalarında, minimum əmək haqqı məbləğinin yüksəldilməsi nəticəsində 700 mindən çox vətəndaşımızın maaşlarında və eləcə də sosial müavinət və təqaüdlərdə artımları reallaşıb. Yeni artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub. 2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib və dinamika bu il də davam edəcək. 2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 8.5 milyard manat əlavə vəsait ayrılır”, - deyə Vüqar Bayramov qeyd edib.