"Rusiyada azərbaycanlılara qarşı törədilən zorakılıq və bu zorakılıq nəticəsində ölüm halının baş verməsi qəbul olunmazdır. Bu zorakılığın hansısa kriminal qrup tərəfindən deyil, dövlətin mühüm qurumunun əməkdaşları tərəfindən törədilməsi isə ən azı təəssüf doğurur".
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, son zamanlar Rusiyada baş verən hadisələr bu ölkədə şovinizmin, diskriminasiyanın, milli ayrıseçkiliyin bariz nümunələridir. Yekaterinburqda baş verənlər isə prosesin idarə olunduğunu aydın göstərir.
Müharibədə insan qıtlığı ilə üzləşən Rusiyada miqrantların müxtəlif təzyiq, şantaj, məcburetmə yolları ilə müharibəyə aparılması tendensiyası açıq müşahidə olunur. Miqrantlarla yanaşı milli kimliyinə görə Rusiya vətəndaşı olan qeyri-ruslar bu kimi təqiblərin qurbanı olurlar. Amma cərəyan edən hadisələr təkcə Yekaterinburq ilə məhdudlaşmır və Rusiyanın digər regionlarını da əhatə edir.
Millət vəkilinin sözlərinə görə, Yekaterinburqda azərbaycanlılara qarşı törədilmiş zorakılıq iki ölkə arasında müttəfiqlik münasibətlərinə tamamilə ziddir. Azərbaycan hadisəyə rəsmi mövqeyini bildirib, Rusiyanın ölkəmizdəki diplomatik nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılaraq dövlətimizin mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb. Əgər Rusiya həqiqətən özünü müttəfiq hesab edirsə, dövlət səviyyəsində hadisə araşdırılmalı, günahkarlar cəzalandırılmalıdır. Nəzərə alaq ki, Azərbaycan hələ də mülki təyyarəsinin vurulmasını unutmayıb, Rusiyanın bu məsələdə hərəkətsizliyi qəbulolunmazdır. Bu yaxınlarda Həştərxanda keçirilən tədbirə dəvət olunmuş millət vəkilimizin Rusiya ərazisinə buraxılmaması da bu ölkədə Azərbaycana qarşı formalaşdırılan münasibətin göstəricisidir.
Fatma Yıldırım qeyd edib ki, Azərbaycan haqlı olaraq adekvat addımlar atır. Milli Məclisin nümayəndə heyətinin Rusiya nəzərdə tutulan səfərinin ləğv edilməsi, eləcə də Rusiyanın ölkəmizdə mədəniyyətin günlərinin təxirə salınması çox doğru addımlardır.
Azərbaycan hər zaman Rusiya ilə münasibətlərdə bu səmimi olub, dostluq və tərəfdaşlıq mövqeyi sərgiləyib. Eyni addımların Rusiya tərəfindən də atılmasını gözləyirik.