Modern.az

Rusiyanın şovinizm yuxusundan ayılmağının vaxtı çatıb

Rusiyanın şovinizm yuxusundan ayılmağının vaxtı çatıb

Parlament

2 İyul 2025, 12:20

Rusiya federasiyasının Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən vəhşilik nəticəsində iki nəfərin ölməsi və çoxlu sayda soydaşlarımızın ağır xəsarət alması bütün dünya azərbaycanlılarının böyük kədərinə və qəzəbinə səbəb olub. Təəsüflə qeyd etməliyəm ki, insanlığa sığmayan belə bir zorakı hadisə azərbaycanlıların hazırda yaşadığı dünyanın heç bir yerində, istər geridə qalmış, istər inkişafda olan və istərsə də inkişaf etmiş ölkəsində baş vermədiyi halda yalnız Rusiya Federasiyasında müşahidə olunur. Özü də qanuna zidd və kobudluqla törədilən bu hadisələr Rusiya Federasiyasında rus olmayan bütün vətəndaşlara və miqrantlara qarşı yönəlməklə fasilələrlə baş verməkdə davam edir. Buna baxmayaraq Rusiya Federasiyasının siyasi rəhbərliyində oturanlar ölkə daxilində hamı üçün eyni qayda-qanun yaratmaq və ona əməl etmək, habelə qonşu ölkələrlə əməkdaşlığı dərinləşdirmək əvəzinə bu qanun pozuntusuna və insanların qəzəbinə səbəb olan zorakı hərəkətləri durdurmağa yox, onu ölkənin daxili işi adlandıraraq haqq qazandırmağa çalışırlar. Bu məfkurə yiyələri unudur ki, indi quldarlıq və ya feodalizm dövrü deyil, nə baş verdiyini anındaca bütün dünya bilir və görür. Həm də belə hadisələrin nə məqsədlə törədilməsini hamı çox aydın dərk edir. Axı, bu zorakı hüquq pozuntusu rus millətindən olan ən qatı cinayətkara qarşı da törədilmir və belə halın baş verməsi ümumiyyətlə bütün bəşəri dəyərlərə hörmətsizlik və çox ciddi qanun pozuntusu kimi lənətlənir. Çünki, cinayətdə şübhəli bilinənin istintaqa cəlb edilməsinin də qaydası qanunda əks olunub və qanuna əməl olunması şübhəli şəxsin milliyyətindən, dinindən, dilindən, vətəndaşlığından və digər amillərdən asılı olmayaraq hamı üçün eynidir. Rusiya Federasiyasında isə buna əməl edən yoxdur, başqa millətin nümayəndəsinə mütləq qaydada zor tətbiq edilir, alçaldılır, hüquqları pozulur.

Hesab edirik ki, Rusiya Federasiyasında şovinizmin yuxusundan ayılmağın vaxtı çoxdan çatıb. Artıq anlamaq lazımdır ki, bu metodla yaxşı heç nəyə nail olmaq mümkün deyil, əksinə mövcud münasibətlərin də pozulması qaçınılmazdır. Bütün bunlar isə ölkənin inkişafına, qonşularla xoş münasibətə və tərəflər üçün səmərəli əməkdaşlığa yox, bütün məsələlərdə tənəzzülə və heç kimə xeyir verməyən qarşıdurmaya xidmət edir.

Azərbaycan Respublikasında uzun müddətdir həyata keçirilən düşünülmüş daxili və xarici siyasət nəticəsində ölkəmiz dünyanın ən tolerant diyarı kimi tanınır və mövcud qanunvericilik aktları respublikamızda yaşayan bütün insanlara onların milliyyətindən, dinindən, dilindən, vətəndaşlığından asılı olmayaraq eyni qaydada tətbiq edilir. Rusiya Federasiyasında qeyri-rus millətindən olan şəxslərə, xüsusilə azərbaycanlılara qarşı dəfələrlə zorakılıq halları törədilsə də Azərbaycanda indiyə kimi bir dəfə də olsun heç bir digər millətin nümayəndəsinə qarşı belə qanuna zidd hal baş verməmişdir və bundan sonra da baş verməsi mümkün deyil. Çünki, bizim xalqımız və dövlətimiz öz inkişafını daxili resurslarından səmərəli istifadə etməklə tərəfdaş ölkələr və xalqlarla qarşılıqlı xoş münasibətlər və əlverişli əməkdaşlıq etmək yolunda görür və buna ciddi əməl edir. Ona görə də yaxşı olar ki, Rusiya Federasiyasında da bütün bu qeyri-qanuni və zorakılıq hallarına son qoyulsun və orada yaşayan azərbaycanlılara və digər millətdən olan insanlara qlobal bəşəri dəyərlərə uyğun münasibət göstərilsin. Yalnız bu yol Rusiya Federasiyasının və rus xalqının gələcək inkişafına xidmət edə bilər.

Eldar İbrahimov
Milli Məclisin İntizam Komissiyasının sədri, professor

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu