Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.
Modern.az-ın məlumatına görə, növbədənkənar sessiyaya parlamentin bu gün keçirilən iclası ilə yekun vurulub.
Spiker Sahibə Qafarovanın parlamentin növbədənkənar sessiyasının yekunlarına dair çıxışında bildirib ki, iyunun 3-dən iyulun 14-dək Milli Məclisin 7 iclası keçirilib. 45 qanun və qərar, o cümlədən 2 Konstitusiya qanunu qəbul olunub. 5 beynəlxalq müqavilə və konvensiya təsdiq edilib.
O qeyd edib ki, sessiya müddətində Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində də zəruri tədbirlər görülüb. Milli Məclisin 19 deputatı 11 xarici ölkəyə 24 səfər həyata keçirib. Deputatlar 7 beynəlxalq təşkilatın tədbirlərində iştirak ediblər.
18 xarici ölkənin və 6 beynəlxalq təşkilatın 30 nümayəndə heyəti, ümumən 144 nəfər xarici qonaq Milli Məclisdə olub.
Milli Məclis sədrinin üç ölkəyə işgüzar səfərləri olub.
Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclas Dövlət himninin səsləndirilməsi ilə başa çatıb.
Bununla da Milli Məclis tətilə buraxılıb.
Bildirilib ki, parlament iyul ayının 15-dən avqust ayının 30-dək tətildə olacaq.
Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar.