Modern.az

Azərbaycan Milli Mətbuatı – Milli kimliyin səsi, dövlətçiliyin gücü

Azərbaycan Milli Mətbuatı – Milli kimliyin səsi, dövlətçiliyin gücü

Parlament

19 İyul 2025, 18:35

Əkinçidən başlanan yol – milli şüurun oyanışı Azərbaycan milli mətbuatı xalqımızın milli kimliyinin, ictimai düşüncəsinin və azadlıq mübarizəsinin bələdçisi kimi 150 illik şərəfli bir yol keçmişdir. Bu yolun başlanğıcı 1875-ci ildə böyük maarifçi Həsən bəy Zərdabinin nəşr etdiyi “Əkinçi” qəzeti ilə qoyulmuşdur.

Zərdabi qəzetin missiyasını belə ifadə edirdi: “Qəzetin muradı xalqın gözünü açmaqdır.” O, elmsizlik və cəhalətlə mübarizəni həyatının əsas vəzifəsi hesab edirdi. “Əkinçi”nin nəşri senzura və mürtəce dairələrin təzyiqləri fonunda həyata keçmiş, bu isə qəzetin milli maarifçiliyin simvoluna çevrilməsinə səbəb olmuşdur.

Maarifçilikdən mətbuat məktəbinə “Əkinçi” qısa ömrünə baxmayaraq, milli mətbuatın təməlini qoydu və onun ardınca “Molla Nəsrəddin”, “Füyuzat”, “Həyat”, “İrşad”, “Azərbaycan” kimi mühüm nəşrlər yarandı. Bu məktəbin formalaşmasında Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Sabir, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov kimi ziyalıların rolu əvəzsizdir. Onlar mətbuatı milli özünüdərk, maarifçilik və azadlıq ideyalarının daşıyıcısına çevirdilər.

Azad sözə aparan yol və müstəqil medianın formalaşması 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuat dövlətçilik ideyalarının daşıyıcısına çevrildi. Sovet dövründə nəzarətə tabe olan mətbuat 1990-cı illərdə yenidən dirçəlməyə başladı. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi ilə senzura ləğv edildi, söz və məlumat azadlığı təmin olundu, medianın hüquqi və institusional bazası formalaşdı.

Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. MEDİA Agentliyi vasitəsilə media subyektlərinə dəstək göstərilir, jurnalistlərin sosial təminatı gücləndirilir, informasiya təhlükəsizliyi prioritet istiqamətlərdən birinə çevrilib.

İnformasiya cəbhəsində – qəhrəman jurnalistlər Mətbuat təkcə maarifçiliklə deyil, həm də döyüşkənliyi ilə seçilmişdir. İkinci Qarabağ müharibəsində jurnalistlər informasiya cəbhəsində əsgər kimi vuruşaraq, haqq səsimizi dünyaya çatdırdılar. Onlar həm də milli ruhun qoruyucusuna, informasiya müharibəsində ön xətdə dayanan qəhrəmanlara çevrildilər.

Yeni dövrün çağırışları və medianın strateji rolu 

Bugünkü media rəqəmsallaşma, süni intellektin inteqrasiyası və dezinformasiyaya qarşı mübarizə kimi mühüm çağırışlarla üz-üzədir. Şuşada keçirilən Qlobal Media Forumları bu çağırışlara cavab olaraq formalaşdırılan beynəlxalq əməkdaşlıq platformaları kimi Azərbaycanın informasiya təhlükəsizliyində qlobal oyunçu olduğunu təsdiqləyir.

Milli mətbuat – keçmişin mirası, gələcəyin məsuliyyəti Azərbaycan mətbuatı bu gün təkcə informasiya vasitəsi deyil. O, milli kimliyin qoruyucusu, ictimai nəzarətin təminatçısı, dövlət və xalq arasında körpü rolunu oynayan strateji instituta çevrilmişdir. 150 illik bu möhtəşəm yol həm böyük bir tarixi miras, həm də gələcək nəsillər qarşısında ciddi bir məsuliyyətdir.

Bu əlamətdar gün münasibətilə bütün media nümayəndələrini – jurnalistləri, redaktorları, analitikləri, texniki heyəti təbrik edir, onlara prinsipial mövqe, güclü qələm və uca missiya arzulayırıq.

Azərbaycan Milli Mətbuatı – Milli ruhun daşıyıcısı və gələcəyin açarı olaraq daim yaşamalı və inkişaf etməlidir!

Mehriban Vəliyeva 

Milli Məclisin deputatı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi