Modern.az

Azərbaycan Prezidenti dünya mediasının diqqətindədir - Deputat

Azərbaycan Prezidenti dünya mediasının diqqətindədir - Deputat

Parlament

20 İyul 2025, 11:48

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində təşkil olunan beynəlxalq tədbirlər dünya ictimaiyyətinin diqqətini cəlb edir. Bu tədbirlər arasında artıq ənənəvi xarakter alan və bu il 3-cü dəfə keçirilən Şuşa Qlobal Media Forumu xüsusi əhəmiyyət daşıyır.

 

Milli Məclisin deputatı Nigar Məmmədova Modern.az-a açıqlamasında bildirib ki, bu cür tədbirlər təkcə Azərbaycanın informasiya və media sahəsindəki dayanıqlılığını gücləndirmir, eyni zamanda işğaldan azad edilmiş ərazilərin qlobal ictimaiyyətə tanıdılmasında mühüm rol oynayır.

 

Deputat qeyd edib ki, Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə keçirilən builki forum “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusuna həsr olunub. Foruma 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu qatılıb.

 

“Forum çərçivəsində Xankəndidə keçirilən müzakirələrdə süni intellektin xəbər istehsalı və yayımındakı rolu, həmçinin cəmiyyətin düzgün və dəqiq informasiya ilə təmin olunmasında media savadlılığının artırılması məsələləri ön plana çəkilib. Beləliklə, Şuşadan sonra Xankəndi də qlobal media məsələlərinin müzakirə olunduğu mühüm məkana çevrilib”, – deyə deputat vurğulayıb.

 

Nigar Məmmədova əlavə edib ki, Prezident İlham Əliyevin forum çərçivəsində beynəlxalq KİV nümayəndələrinin suallarını cavablandırması da mühüm məqamdır: “Sualların məzmunu göstərdi ki, beynəlxalq jurnalistləri təkcə Cənubi Qafqazda baş verən geosiyasi proseslər deyil, həm də Azərbaycanın işğala son qoymaq təcrübəsi və qlobal gündəmə dair mövqeyi maraqlandırır”.

 

Deputat Prezident İlham Əliyevin qlobal siyasi lider kimi nüfuzuna da diqqət çəkib: “Dövlət başçımızın formulu sadədir: milli maraqların müdafiəsi, xalqa həmişə həqiqəti söyləmək, obyektiv və dürüst olmaq, istənilən şəraitdə beynəlxalq hüquq prinsiplərinə sadiq qalmaq. Bu yanaşma təkcə Azərbaycan üçün deyil, işğaldan əziyyət çəkən digər xalqlar üçün də bir örnəkdir”.

 

Deputat sonda vurğulayıb ki, bu forumlar Qarabağın zəngin mədəni irsinin, Azərbaycanın sülhə və ədalətə əsaslanan siyasətinin dünyaya çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi