"Azərbaycan milli mətbuatı milli özünüdərk və dövlətçilik şüurunun mühüm təzahürüdür. 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə başlayan milli mətbuat tariximiz bu gün artıq 150 illik yolun zirvəsində dayanır. Bu yol təkcə jurnalistika tarixi deyil, həm də xalqımızın azadlıq, maarifçilik və müstəqillik uğrunda mübarizəsinin güzgüsüdür. Ulu Öndər Heydər Əliyevin "“Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik" fikri bu tarixi missiyanın ideya məzmununu müəyyənləşdirir. Prezident İlham Əliyevin “Mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir... Azərbaycan mətbuatı milli maraqların müdafiəsində ön cərgədədir” bəyanatı isə bu irsin dövlət siyasəti səviyyəsində davamlılığını təmin edir."
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azər Kərimli deyib.
Millət vəkili bildirib ki, “Əkinçi” hər nə qədər qısa müddət yaşasa da, onun təməlini qoyduğu ideyalar sonrakı dövrlərdə anadilli mətbuatın inkişafını stimullaşdırdı:
"“Ziya”, “Kəşkül”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin” kimi nəşrlər Azərbaycan ədəbi dilinin zənginləşməsinə, ictimai fikrin formalaşmasına və istiqlal məfkurəsinin dərinləşməsinə xidmət etdi. Anadilli mətbuat sadəcə söz azadlığının deyil, həm də milli intibahın daşıyıcısına çevrildi. Həsən bəy Zərdabinin “Kaspi”dəki fəaliyyəti və Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə bu cərəyan rusdilli auditoriyanı da əhatə edərək ideya miqyasını genişləndirdi."
Azər Kərimli bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra, xüsusilə 1993-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə medianın hüquqi, institusional və iqtisadi inkişafı üçün genişmiqyaslı islahatlar həyata keçirildi:
"Senzuranın ləğvi, informasiya azadlığının təminatı və KİV-lərin iqtisadi müstəqilliyinin gücləndirilməsi demokratik dövlət quruculuğunun mühüm mərhələsinə çevrildi. Bu irs Prezident İlham Əliyevin liderliyi dövründə davam etdirilərək medianın inkişafı üzrə Konsepsiyanın hazırlanması, qanunvericilik islahatları və müasir informasiya siyasətinin formalaşdırılması ilə nəticələndi. “Media haqqında” Qanunun qəbulu, MEDİA Agentliyinin yaradılması, media subyektlərinə vergi və sosial dəstək tədbirləri jurnalistikanın sistemli inkişafının zəminini möhkəmləndirdi.
Bu gün Azərbaycan mətbuatı təkcə milli informasiya daşıyıcısı yox, həm də dövlət siyasətinin əsas tərəfdaşlarından biridir. Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, informasiya resurslarının iqtisadi müstəqilliyinin təmin edilməsi, gənc jurnalistlərin ipoteka dəstəyi və təlim proqramları ilə əhatə olunması media sahəsinin insan kapitalını möhkəmləndirən əsas elementlərdəndir. Medianın qanunvericilik bazasının təkmilləşdirilməsi ilə yanaşı, sahədə keyfiyyətli məzmunun təşviqi və peşəkar fəaliyyətin rəqəmsal dövrə uyğunlaşdırılması istiqamətində də ardıcıl iş aparılır.
Azərbaycan mətbuatı həm də informasiya təhlükəsizliyimizin ön cəbhəsində dayanan mühüm aktordur. 44 günlük Vətən müharibəsi zamanı jurnalistlərin informasiya cəbhəsində göstərdiyi şücaət, düşmən təbliğatının ifşası və beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırılması onların həm peşəkarlıq, həm də vətənpərvərlik nümunəsi olduğunu sübut etdi. Şəhid və qazi jurnalistlərin olması isə bu peşənin strateji əhəmiyyətini daha da dərinləşdirir. Müharibədən sonra isə Azərbaycan mediası işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, siyasi yenidənqurma və dövlət başçısının səfərləri ilə bağlı operativ və təhlilə əsaslanan informasiyaları cəmiyyətə çatdıraraq, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə informasiya diplomatiyasının əsas vasitəçisinə çevrilmişdir.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, “bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin inkişafında mühüm rol oynamalıdır”. Bu, həm də mediamız qarşısında yeni öhdəliklər yaradır. Süni intellekt, rəqəmsallaşma, sosial media platformaları, dezinformasiyaya qarşı mübarizə, media savadlılığı və effektiv kommunikasiya bu gün jurnalistikanın inkişaf trayektoriyasını müəyyənləşdirən əsas faktorlardır.
Bütün bu çağırışlara baxmayaraq, Azərbaycan mediası artıq qlobal informasiya sisteminin tərkib hissəsinə çevrilmişdir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı, eləcə də bu münasibətlə imzalanmış dövlət sənədləri ölkəmizdə jurnalistikanın dövlət səviyyəsində dəstəkləndiyini, tarixi irsə verilən dəyərin davamlı inkişaf strategiyasına çevrildiyini göstərir. Azərbaycan mətbuatı cəmiyyətin şüur formalaşdırıcısı, ictimai rəyin yönəldicisi, dövlət maraqlarının informasiya məkanında müdafiəçisidir. Söz və mətbuat azadlığının Konstitusiya ilə təmin edildiyi ölkəmizdə jurnalistika peşəsinin yüksəldilməsi, medianın iqtisadi və institusional cəhətdən möhkəmləndirilməsi bu sahənin strateji prioritet olduğunu təsdiqləyir."
Deputatın sözlərinə görə, Azərbaycan milli mətbuatının 150 illiyi təkcə yubiley deyil, bu, həm də media tariximizə verilmiş qiymət, gələcək vəzifələrin, çağırışların, milli hədəflərin müəyyən olunduğu dönüş nöqtəsidir:
"Media bu gündən gələcəyə uzanan körpüdür. Keçmişin dərsləri, bu günün məsuliyyəti və sabahın ümidləri bu körpünün hər sütununda əks olunur."