Modern.az

Əgər Ermənistan bu şərtləri yerinə yetirməzsə...

Əgər Ermənistan bu şərtləri yerinə yetirməzsə...

Parlament

9 Avqust 2025, 17:38

Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişəyə son qoymaq və münasibətləri normallaşdırmaq məqsədilə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü və bilavasitə iştirakı ilə Vaşinqtonda yüksək səviyyəli  görüş keçirilib. Görüşün nəticəsi olaraq iki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin yaradılmasına dair sazişin paraflanması ilə yanaşı, üçtərəfli Birgə Bəyannamə imzalanıb. Tarixi əhəmiyyət daşıyan bu razılaşmalar yalnız Bakı və İrəvan arasında münasibətlərin yardılması deyil, eyni zamanda Cənubi Qafqaz regionunda uzunmüddətli sabitlik və əməkdaşlıq üçün də yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Tərəflər arasında qarşılıqlı etimadın formalaşdırılması və əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində mühüm razılaşmalar əldə olunub.

Milli Məclisin deputatı Rizvan Nəbiyev Modern.az-a sülh sazişinin paraflanmasını şərh edərkən deyib ki, Prezident İlham Əliyev, ABŞ-ın Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan Birgə Bəyannamədə, sülh sazişinin imzalanması üçün konkret tarix göstərilməsə də, onun reallaşması üçün vacib olan əsas şərtlər açıq şəkildə öz əksini tapıb.

O qeyd edib ki, sözügedən şərtlər Azərbaycan tərəfindən uzun müddətdir səsləndirilən və beynəlxalq hüquqa əsaslanan haqlı tələblərdir:

“Həmin sülh sazişi layihəsi artıq cari ilin mart ayında razılaşdırılıb və 17 maddədən ibarətdir. Dünən axşam baş tutan görüşdə isə hər iki ölkənin xarici işlər nazirləri bu saziş layihəsini parafladılar. Məlumdur ki, Azərbaycan tərəfi sazişin imzalanması üçün iki mühüm şərt irəli sürüb. Bu şərtlər həm obyektiv reallıqdan, həm də sazişin ratifikasiyası və implementasiyası üçün zəruri hüquqi bazanın yaradılması ehtiyacından doğur.

ABŞ-ın vasitəçiliyi ilə imzalanan Birgə bəyannamənin elə 1-ci bəndində açıq şəkildə bildirilir ki, tərəflər sazişin paraflanmasına şahidlik etdilər, lakin onun imzalanması və ratifikasiyası üçün əlavə tədbirlərə ehtiyac var. Məhz bu ifadə, Azərbaycanın əsas şərtlərindən biri olan Ermənistan Konstitusiyasında ölkəmizə qarşı yer alan ərazi iddiasının ləğvini nəzərdə tutan dəyişiklik zərurətinə istinad edir”.

Millət vəkili əlavə edib ki, Ermənistan Konstitusiyasının preambulasında yer alan Azərbaycana qarşı ərazi iddiasının aradan qaldırılması tələb olunur: 

“Ağ Ev administrasiyası da bu tələbimizin haqlı olduğunu Pezident Trampın imzaladığı Birgə Bəyannamə ilə dəstəklərini təsdiq etdilər. Ermənistan tərəfi isə bu dəyişikliklərin 2026-cı ildə keçiriləcək referendum vasitəsilə həyata keçiriləcəyini bildirib.

Bu dəyişiklik baş verdikdən sonra, sazişin imzalanması yolunda olan əsas maneələrdən biri aradan qalxacaq. Prezident cənab İlham Əliyev Vaşinqtonda yerli media nümayəndələri ilə baş tutan görüşündə  Ermənistanın üzərinə götürdüyü bu öhdəlikləri Azərbaycanın irəli sürdüyü və vacib saydığı "ev tapşırığı" kimi qiymətləndirdi".

R.Nəbiyev onu da diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin sülhün təmin olunması istiqamətində atdığı diplomatik addımlar beynəlxalq səviyyədə də dəstək qazanmaqdadır: 

“Baş tutan görüş çərçivəsində ABŞ administrasiyası ilə yanaşı, Avropa İttifaqının 27 dövləti adından yayımlanan birgə bəyanatda da bu səylərə dəstək ifadə olundu. Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Xidməti tərəfindən yayımlanan bəyanatda, sülh sazişinin imzalanması və ratifikasiyası üçün tezliklə konkret addımların atılmasının vacibliyi vurğulanıb.

Bu, eyni zamanda Azərbaycanın səsləndirdiyi əsas şərtlərin, xüsusilə də Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı tələbin beynəlxalq səviyyədə qəbul olunduğunu və dəstəkləndiyini göstərir”.

Deputat qeyd edib ki, digər mühüm məqam isə ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlıdır. Onun fikrincə, bu da Azərbaycanın haqlı mövqeyidir:

“Ermənistan uzun müddət ziddiyyətli bəyanatlarla bu məsələdən yayınmağa çalışsa da, nəhayət bu mövqeyin zəruriliyini qəbul etdi. Hər iki ölkənin xarici işlər nazirləri ATƏT-in Baş katibinə rəsmi müraciət ünvanlayaraq, Minsk Qrupunun və onunla bağlı digər qurumların fəaliyyətinin tamamilə dayandırılmasını tələb etdilər. Həmçinin, Fransa XİN tərəfindən yayımlanan bəyanatda ATƏT-in Minsk Qrupunun ləğv edilməsi səylərinə dəstək ifadə olundu.

Ümumilikdə, Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, onun imzalanması yolunda çox mühüm mərhələdir. Lakin sazişin imzalanması və ratifikasiyası yalnız Ermənistanın Azərbaycan ərazisinə qarşı konstitusiyasında yer alan iddiadan imtina etdikdən sonra  mümkün olacaq.

Cənab Prezidentin də qeyd etdiyi kimi, əgər Ermənistan bu şərtləri yerinə yetirməzsə, bu, yalnız Azərbaycana deyil, eyni zamanda Tramp administrasiyasına qarşı da hörmətsizlik kimi qiymətləndiriləcək. Bu isə Ermənistan hökuməti üçün, onun beynəlxalq nüfuzu baxımından ciddi mənfi nəticələrə gətirib çıxara bilər”,- R.Nəbiyev bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza