Ərazi bütövlüyünü və dövlət suverenliyini, ədaləti bərpa edən Azərbaycan bu gün regionu sülh və əməkdaşlıq məkanına çevirir. Təbii ki, bu uğurun memarı möhtərəm Prezidentimiz, Dünya Lideri İlham Əliyevdir. Məhz Azərbaycan Prezidentinin müəllifi olduğu sülh gündəliyini bu gün bütün dünya dəstəkləyir. Dövlətimizin başçısının müdrikliyi, uzaqgörənliyi, qətiyyəti sayəsində Azərbaycan bu gün bölgədə beynəlxalq birlik tərəfindən qəbul olunan yeni reallıqlar formalaşdırır.
Müdrik siyasət: Beynəlxalq birliyin hörmət və ehtiramı
2003-cü ildən Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti böyük müdrikliklə davam etdirən Prezident İlham Əliyev bu illər ərzində Azərbaycanı böyük uğurlara daşıyıb. Ötən illər ərzində Azərbaycanı qlobal siyasi və iqtisadi proseslərin fəal iştirakçısına çevirən Prezident İlham Əliyev ölkəmizin milli maraqlarını beynəlxalq müstəvidə uğurla müdafiə edərək onu qüdrətli və qalib ölkəyə çevirdi. Azərbaycan Prezidentinin siyasi iradəsi, müdrik və qətiyyətli qərarları ölkəmizi yeni çağırışlar qarşısında dayanıqlı dövlət kimi möhkəmləndirib. Həyata keçirilən və nəticəyə hesablanmış nəhəng layihələr ildən-ilə əhəmiyyətini daha da artırır. 2020-ci ilin sonunda tam istismara verilən Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini yenidən formalaşdırdı. Bu gün Azərbaycan qazı dünyanın 14 ölkəsinə tədarük olunur. Təbii ki, uzun illər ərzində formalaşmış və davamlı xarakter alan əməkdaşlıq ölkəmizə, onun Prezidentinə olan hörmət və ehtiramı daha da möhkəmləndirir. Elə bu səbəbdəndir ki, Azərbaycan beynəlxalq miqyasda etibarlı tərəfdaş imicini qazanıb.
Azərbaycan Prezidentinin dünya liderləri ilə formalaşmış qarşılıqlı etimada əsaslanan münasibətlərini xüsusi qeyd etmək istərdim. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə dövlətimizin başçısı arasında olan qardaşlıq münasibətləri xalqlarımız və ölkələrimiz arasında münasibətləri ən yüksək səviyyəyə qaldırıb. Bu gün Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri regional təhlükəsizlik və iqtisadi inteqrasiyanın təməl daşlarından biri kimi qəbul olunur.
Çinin Sədri Si Cinpin ilə dostluğa əsaslanan münasibətlər təbii ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin formalaşmasında müstəsna rol oynadı. Bu əməkdaşlıq təbii olaraq, Azərbaycan və ölkəmizin yerləşdiyi region üçün yeni fürsətlər yaradır.
Prezident İlham Əliyevin müdrikliyi, qətiyyəti dünya liderlərinin diqqətini Azərbaycana yönəldir. Dövlətimizin başçısının təşəbbüsləri qlobal səviyyədə əməkdaşlığı təşviq edir. ABŞ Prezidentinin dəvəti ilə 8 avqust tarixində “Ağ evdə” keçirilən görüşlər qeyd etdiklərimizin əyani təzahürüdür. Azərbaycan və ABŞ prezidentlərinin səmimi dialoqları, dostluq ab-havasında keçirilən görüşləri, tarixi sənədlərin imzalanması dünyanın lider ölkəsinin Azərbaycana, onun Prezidentinə olan hörmətinin əyani təzahürüdür.
Qeyd edim ki, Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində Strateji İşçi Qrupunun yaradılması barədə Anlaşma Memorandumu ölkələrimiz arasında əməkdaşlığın inkişafı baxımından olduqca ciddi uğurdur. Belə ki, bu sənəd iki dövlət arasında qarşılıqlı dialoqun daha sistemli və məqsədyönlü şəkildə həyata keçirilməsi üçün möhkəm hüquqi və institusional baza yaradır. Bu, Azərbaycan-ABŞ arasında dialoqun və əməkdaşlığın yeni səviyyəyə çatdırılması üçün önəmli vasitədir və strateji tərəfdaşlığın dərinləşməsinə zəmin yaradır.
Qalib Liderin Qələbə Strategiyası: Cənubi Qafqaz üçün dayanıqlı sülh modeli
Dünyanın diqqət mərkəzində olan tədbirlər Azərbaycan Liderinin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi Qələbə strategiyasının növbəti mərhələsi idi.
Vətən müharibəsində qazanılan parlaq Zəfər nəticəsində ərazi bütövlüyünü, antiterror tədbirlərində əldə olunan Qələbə ilə dövlət suverenliyini bərpa edən Azərbaycan 2025-ci ilin avqustun 8-də Vaşinqtonda özünün sülh gündəliyini bütün dünyaya təqdim etdi. Bu sülh davamlı inkişaf və qlobal əməkdaşlığı təşviq edir.
“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması mühüm tarixi hadisədir. Azərbaycan irəli sürdüyü şərtlər qəbul olunur, region Azərbaycanın müəyyənləşdirdiyi yeni reallıqlar əsasında inkişafının yeni mərhələsinə qədəm qoyur.
Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamə “Ağ evdə” keçirilən görüşlərin tarixi əhəmiyyətini aydın şəkildə nümayiş etdirir. Bu xüsusda, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun yaradılması regional iqtisadi inteqrasiyaya, canlanma ciddi töhfə verəcək. Eyni zamanda, bu addımlar regionda sülhün möhkəmlənməsinə, dayanıqlı əməkdaşlığı şərtləndirəcək. Həmçinin region üçün yeni investisiya imkanları açacaq.
Beləliklə, Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycanın həm siyasi, həm də iqtisadi mövqeyinin möhkəmlənməsinə zəmin yaradır. Strateji tərəfdaşlıq istiqamətində ABŞ ilə əlaqələrin genişlənməsi, eləcə də regionda kommunikasiyaların açılması Azərbaycanın beynəlxalq arenadakı rolunu daha da artırır. Azərbaycan Prezidentinin Cənub Qafqaz üçün formalaşdırdığı sülh modeli regionun parlaq gələcəyinə, bölgənin dayanıqlı inkişafına zəmin yaradır.
Şahin İsmayılov
Milli Məclisin deputatı