Modern.az

Şəhidlər Xiyabanına şortla girmək qadağan edilsin! - Deputatdan TƏKLİF

Şəhidlər Xiyabanına şortla girmək qadağan edilsin! - Deputatdan TƏKLİF

Parlament

19 Avqust 2025, 19:47

Bakı şəhərində yerləşən Şəhidlər xiyabanında üç əcnəbi turistin nalayiq hərəkətlər etməsi və həmin videogörüntülərin sosial şəbəkələrdə yayılması cəmiyyətimiz tərəfindən haqlı şəkildə sərt tənqid olunmaqdadır. Azərbaycan dövləti bu məsələ ilə bağlı dərhal prinsipial və sərt mövqe sərgiləyib.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Salmanova bildirib.

Deputat qeyd edib ki, Azərbaycan xalqı tarixən şəhidlərinə və qəhrəmanlarına dərin hörmətlə yanaşıb:

“Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bizim milli kimliyimizin, vətənpərvərlik ruhumuzun əsas dayaqlarından biridir. Şəhidlər xiyabanı isə bizim üçün təkcə bir ziyarətgah deyil, həm də xalqımızın milli yaddaşını əks etdirən müqəddəs məkan, qürur yerimizdir. Bu səbəbdən də bu kimi halların cəmiyyət tərəfindən qəbuledilməz hesab olunması, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində geniş müzakirə olunması təbiidir.

Belə halların qarşısının alınması üçün yalnız cəza tədbirləri deyil, qabaqlayıcı hüquqi mexanizmlər də yaradılmalıdır. Düzdür, mövcud qanunvericiliyimiz müəyyən tədbirləri nəzərdə tutur, lakin bu məsələ ilə bağlı daha konkret və sərt tənzimləmələrə ehtiyac var. Milli Məclisin payız sessiyasında bu məsələ ilə yeni qanunverici təşəbbüslər irəli sürməyi planlaşdırıram. Hesab edirəm ki, şəhid məzarları, dini və tarixi abidələr, memorial komplekslər və milli əhəmiyyətli digər məkanlarda ictimai davranış qaydaları hüquqi şəkildə müəyyən edilməli, bu məkanlarda nalayiq hərəkətlərə yol verən şəxslər üçün inzibati və daha sərt cinayət məsuliyyəti nəzərdə tutulmalıdır. Eyni zamanda, bu məkanlarda video və foto çəkilişlərə məhdudiyyət də qoyulmalıdır. Yalnız ziyarət, xüsusi günlər və digər zəruri hallar istisna olmaqla, şəxsi maraqlara xidmət edən çəkilişlərə icazə verilməməlidir. Həmçinin ölkəmizdəki Şəhidlər xiyabanlarını ziyarət zamanı geyimlə bağlı da müəyyən məhdudiyyət qoyulmalıdır. Həmin yerləri şortla, qısa geyimlərlə ziyarət etmək qadağan edilməlidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal